ABŞ federal hökuməti dövlət sektorunda işə qəbul prosesini sürətləndirmək məqsədilə bəzi vəzifələr üzrə namizədlərlə müsahibələrin aparılmasında süni intellektdən istifadə etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, təxminən 1,9 milyon işçisi olan federal hökumət ilkin işə qəbul mərhələlərində süni intellekt texnologiyasını sınaqdan keçirməyə başlayacaq.
Pilot proqram iki il müddətinə həyata keçiriləcək “Texniki qüvvə” təşəbbüsü çərçivəsində reallaşdırılacaq. Proqramın əsas məqsədi özəl sektordan texnologiya sahəsində mütəxəssisləri dövlət qulluğuna cəlb etməkdir.
Pilot proqram çərçivəsində ərizəçilərin ilkin seçimində və müsahibələrində “CodeSignal” süni intellekt platformasının alətlərindən istifadə olunacaq.
Süni intellektlə işləyən virtual nümayəndələr namizədlərə əvvəlcədən müəyyənləşdirilmiş standart suallar verəcək. Müsahibələr audio, video və ya mətn formatında keçirilə biləcək.
Sistem müsahibələri qeydə alaraq onların məzmununu ümumiləşdirəcək. İşə qəbul üzrə məsul şəxslər isə yekun qərarı verməzdən əvvəl namizədlərin cavablarını süni intellekt tərəfindən hazırlanmış xülasə və hesabatlar əsasında nəzərdən keçirə biləcəklər.
ABŞ-nin “Personal Management Office”i dövlət qurumlarına işə qəbul proseslərində süni intellektdən istifadəyə imkan yaradır. Bununla yanaşı, qurumlara mühüm kadr qərarlarında insan nəzarətinin saxlanılması tövsiyə olunur.
Hökumət bu texnologiya vasitəsilə dövlət sektorunda uzun və mürəkkəb hesab olunan işə qəbul proseslərini sürətləndirməyi, həmçinin yaşlanan dövlət işçi qüvvəsinin yenilənməsini hədəfləyir.
Rəsmilər pilot proqramın nəticələrindən asılı olaraq süni intellektin qarşıdakı illərdə dövlət sektorunda müsahibələrin aparılmasında daha geniş tətbiq olunacağını bildirirlər.
Son xəbərlər
Son Xəbərlər