Dünyanın düzənini dəyişən Putin 70-ə çatdı...

dunyanin-duzenini-deyisen-putin-70-e-catdi
Oxunma sayı: 7607

Bu gün Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur. Vladimir Vladimiroviç Putin son illər dünya siyasi arenasında adı tez-tez hallanan şəxsiyyətlərdən biridir. Putin isə bunu son illər Ermənistan-Azərbaycan arasındakı münaqişədə Rusiyanın vasitəçilik rolu, eləcə də hazırda Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyata borcludur. Rusiya liderinin Qərb dövlətləri və müttəfiq ölkələrlə münasibətlərdə növbəti gedişlərinin hər kəsi düşündürdüyü aydın məsələdir. Lakin bununla belə Putinin şəxsi maraqları və hobbiləri də bir çoxlarını maraqlandıran mövzulardan biridir.

“Qafqazinfo” Vladimir Putinin həyatı barədə bəzi maraqlı faktları təqdim edir.

İlk olaraq Putinin sevimli qida və içkiləri barədə danışaq. Rusiya liderinin öz qida seçimi barədə nadir hallarda danışdığı məlumdur. O, prezident seçildikdə Kremlin aşpazlarından ona sadə yeməklər hazırlamağı xahiş edib.

Belə ki, Putinin standart menyusuna kəsmik, düyü və qarabaşaq yarması sıyığı, buğda sıyığı, bal, pomidor, xiyar və göyərti kimi qidalar daxildir. Putin un məhsullarını az istifadə etməyə çalışır və dondurma istisna olmaqla, şirniyyatlara biganə yanaşır.

Ət məhsullarına gəldikdə isə Putin balıq və qoyun ətini sevir. İçki baxımından isə Putin qəhvəyə deyil, çaya üstünlük verir. Onun məşhur ağ fincanında hər zaman Altay və Sibirdən toplanmış bitkilərin çayı olur.

Rusiya Prezidenti spirtli içkiləri nadir hallarda qəbul edir. Bunlara isə rəsmi qəbullar zamanı şampan və yaxud qırmızı şərab daxildir. Pivəyə gəldikdə isə, Putin bu içkini içməməyə üstünlük verdiyini qeyd edib.

Putinin idmana olan xüsusi rəğbəti bir çoxlarına məlumdur. Belə ki, o cüdo və sambo ilə məşğul olub. Hazırda da Putinin öz sağlamlığının qeydinə qaldığı bildirilir. Putin bu məqsədlə mütəmadi olaraq idman edir və üzgüçülüklə məşğul olur. Bununla yanaşı, o, xizək sürməyi və xokkeyi də xoşlayır.

Putin öz asudə vaxtlarına da çox diqqətlə yanaşır. Balıq tutmaq və sualtı ekspedisiya onun sevimli məşğuliyyətlərindən biridir.

Bununla yanaşı, kitab oxumaq da Putinin əsas hobbilərindən biridir. O, əsas olaraq memuarlar və tarixi ədəbiyyatı oxuyur. Ona ən çox təsir bağışlayan kitab isə Lev Tolstoyun “Müharibə və sülh” romanıdır. Bununla yanaşı, onun kitab rəfində Mixail Lermontovun, Redyard Kiplinq və Samuil Marşakın da əsərlərini yer alır.

V. Putin filmlər barədə nadir hallarda danışsa da, o, bir dəfə bildirib ki, Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunan filmləri sevir. Bu filmlərdən biri Putinin həyatına xüsusilə təsir edib. Bu əsər isə 1968-ci ilin “Qılınc və qalxan” filmidir. Belə ki, Rusiya lideri bu filmə baxdıqdan sonra peşəkar kəşfiyyatçı olmağa qərar verib.

Musiqiyə gəldikdə isə, Putin əsas olaraq klassik musiqi dinləyir.

Rusiya Prezidentinin dil biliklərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Putin alman dilində kifayət qədər səlis danışır. O, almandilli siyasətçilərlə görüşündə tərcüməçilərin köməyindən istifadə etmir. Putin, həmçinin ingilis dilini bilir.

Bununla yanaşı, Vladimir Putin öz dil bacarıqlarını daim inkişaf etdirir. O, bunun üçün alman və ingilisdilli telekanalları izləyir, mütəmadi olaraq ingilis dili ilə məşğul olur. O, həmkarlarının da xarici dil biliklərinə önəmlə yanaşır. Belə ki, Putin, 2015-ci ildə idman naziri Vitaliy Mutkoya ingilis dili kitabı hədiyyə edib.