Eks-deputatın oğlunun əmlakı müsadirə olundu - Yenilənib

eks-deputatin-oglunun-emlaki-musadire-olundu
Oxunma sayı: 10637

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks-millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rüfət Səfərov musavat.com-a açıqlamasında danışıb:

“2 saat bundan əvvəl xidməti kabinetimdəydiim. Baş Prokurorluğun 3 əməkdaşı, eləcə də Zərdab rayon polis şöbəsinin rəisi otağa daxil oldular. Sənədləri, kompüteri götürəcəklərini dedilər. Dedim şəxsi kompüterimdir, niyə götürürsüz? Dedilər, biz bilmək istəyirik ki, orda nəsə varmı, bundan istifadə edə bilərsən. Çaş-baş qaldım. Kompüterimi götürdülər. Özlərinə də dedim ki, indi 21-ci əsrdir, kompüter əsridir. Hansısa hakerin vasitəsilə İŞİD-in terrorist üzvü kimi qələmə verə bilərlər məni”.

Keçmiş müstənqiq deyib ki, daha sonra onun telefonlarına baxış keçiriblər:

“SMS-lərimi, zənglərimin siyahısını araşdırdılar. Onlara iradımı bildirdim ki, yoldaşımla yazışmalarıma niyə baxdız? Sonradan evimə gəldilər. Otaqlara girib başqa kompüter axtarmağa başladılar. Yataq otağına qədər girib baxdılar. Mən onlarla burda hüququn dili ilə danışa bilmədim”.

R.Səfərov hesab edir ki, bu əməliyyat səbəbsiz deyil:

“Sənədləri götürdülər. Baza toplayıb, cinayət təqibini həyata keçirmək istəyirlər. Sabah ölkə prezidentinə, İlham Əliyevə bu qanunsuzluqlar barədə müraciət edəcəyəm”.

***

Bu saatlarda musavat.com-un əməkdaşı ilə əlaqə saxlayan R.Səfərov bildirib ki, bu saatdan etibarən aclıq aksiyasına başlayır. Onun sözlərinə görə, evində və iş yerində aparılan axtarış, bu zaman yol verilən qanunsuzluqlar ona çox pis təsir edib.

Təzyiqinin qalxdığını bildirən R.Səfərov “sabah məni saxlasalar da, müqavimət göstərə bilməyəcəyəm”, -deyib:

“Hələ ki oturmuşam yerimdə. Sabah millətimə və cənab prezidentə müraciət edəcəyəm. Barəmdə alçaldıcı formada nəsə deyilsə belə, susacağam və cavab verməyəcəyəm. Etirazımı aclıq aksiyası keçirməklə ifadə edəcəyəm. Ölkədəki bütün media mənsublarına 48 saat ərzində  mənə verdikləri informasiya dəstəyinə görə təşəkkür edirəm. Amma bəyan edirəm ki, bundan sonra zəng edib və ya sosial şəbəkədəki profilimə yazıb mənə suallar verməsinlər. Kimsə əyani surətdə məni görmək istəyirsə, Zərdabdayam. Burdan onu da deyirəm ki, bir neçə saat öncəyə qədər Zərdabda müstəntiq idim. Məhkəmənin qərarı olmadan gəlib hər yerdə axtarış apardılar. Sabah səhər nələr olacaq, bundan sonra nələr edəcəklər, bilmirəm. Aclığa başladım. Allah nə qədər imkan verəcək, yaşayacağam”.