Tarixi, mədəni və təbii irs obyektlərinin qorunması dünyanın bir çox ölkəsində olduğu kimi, ABŞ-də də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla belə, müxtəlif illərdə ölkənin milli parklarında, tarixi məkanlarında, memoriallarında, heykəllərində, muzeylərində, eləcə də minilliklər yaşı olan qayaüstü təsvirlərində vandalizm halları qeydə alınıb.
ABŞ Milli Park Xidməti və Ədliyyə Departamentinin məlumatları göstərir ki, belə hallar yalnız müasir dövrün problemi deyil. Hələ 1941-ci ildə, Yaponiyanın Pörl-Harbor hücumundan bir neçə gün sonra Vaşinqtondakı Taydal Basin ərazisində Yaponiyanın ABŞ-a hədiyyə etdiyi sakura ağacları kəsilib. Sonrakı onilliklərdə isə milli parkların təbii landşaftlarından tutmuş minillik qayaüstü təsvirlərə, tarixi abidələrə və milli memoriallara qədər müxtəlif irs obyektləri vandalizmin hədəfinə çevrilib.

Sakura ağaclarından başlayan vandalizm nümunəsi
ABŞ-də irs obyektlərinə qarşı vandalizmin diqqətçəkən tarixi nümunələrindən biri 1941-ci ilin dekabrında Vaşinqtonda baş verib. Yaponiyanın Pörl-Harbor hücumundan üç gün sonra, dekabrın 10-da naməlum şəxslər Taydal Basin ətrafında dörd sakura ağacını kəsiblər. Milli Park Xidmətinin məlumatına görə, kəsilən ağaclardan ikisi 1912-ci ildə Yaponiyanın ABŞ-a hədiyyə etdiyi ilk ağaclardan olub. Ağaclardan birinin üzərinə yaponlara qarşı təhqiramiz ifadə də yazılıb.
Həmin dövrdə Milli Paytaxt Parklarının rəhbəri İrvinq Rut hadisəni, ehtimal ki, gənclər tərəfindən törədilmiş yanlış istiqamətlənmiş hərəkət kimi qiymətləndirib və ictimaiyyəti ağacların qorunmasına kömək etməyə çağırıb.
.jpg)
Milli parklar və təbii irs də vandalizmdən kənarda qalmayıb
Sonrakı illərdə vandalizm halları daha çox ABŞ-nin milli parklarında və qorunan təbii ərazilərində qeydə alınıb. 2013-cü ilin mayında Arizonadakı Duqlas-Sprinq cığırında 40-dan çox obyekt qara sprey boya ilə işarələnib. Onların arasında 100 ildən çox yaşı olan 11-dən artıq saquaro kaktusu da olub. Təxminən iki aylıq araşdırmadan sonra Tuson sakini olan yeniyetmə saxlanılıb və ona vandalizmlə bağlı ittihamlar irəli sürülüb.
2014-cü ildə isə Keysi Noket adlı şəxs cəmi 26 gün ərzində ABŞ-nin yeddi federal qorunan ərazisində qaya üzərinə akril boya və markerlə müxtəlif təsvirlər çəkib. Onun hədəfləri arasında Rokki-Mauntin, Kanyonlends, Zayon, Det-Velli, Yosemiti və Kreyter-Leyk milli parkları, eləcə də Kolorado Milli Abidəsi olub.
Noket öz çəkdiyi təsvirlərin fotolarını sosial şəbəkələrdə də yayıb. Məhkəmə onun barəsində iki il şərti nəzarət, 200 saat ictimai iş və federal ərazilərə giriş qadağası tətbiq edib. Milli Park Xidmətinin sonrakı məlumatlarında isə onun 3 960 dollar zərəri ödəməyə məhkum edildiyi göstərilib.
.jpg)
2016-cı ildə Yuta ştatında yerləşən Freym-Arç qayası da vandalizmin hədəfinə çevrilib. Naməlum şəxs qayanın səthinə təxminən 1,8 metr uzunluğunda “ANDERSEN” sözünü həkk edib. Hadisəni adi qrafitidən fərqləndirən əsas məqam qayanın təbii səthinin fiziki olaraq götürülməsi olub. Zərərin dərin olması səbəbindən onun mexaniki şəkildə yonulması qayanı daha da məhv edə biləcəyindən Milli Park Xidməti xüsusi doldurma və rəng uyğunlaşdırma üsullarından istifadə edib.
.jpg)
Minillik qayaüstü təsvirlərə də zərər vurublar
ABŞ-də vandalizmin ən ciddi nəticələr doğurduğu sahələrdən biri qədim arxeoloji və qayaüstü irs obyektləridir. 2020-ci ilin aprelində Aydahodakı Siti-of-Roks ərazisində yerləşən Kemp-Rok böyük həcmdə qrafiti ilə korlanıb. Qayaüstü təsvirlərin yerləşdiyi ərazi ilə bağlı hadisə Milli Park Xidməti tərəfindən Arxeoloji Resursların Mühafizəsi haqqında Qanun çərçivəsində araşdırılıb.
.jpg)
2021-ci ilin dekabrında isə Texasdakı Biq-Bend Milli Parkında minilliklər yaşı olan qayaüstü təsvirlərin üzərinə adlar və tarix həkk edilib. Adrian, Ariel, Ayzek və Norma adları ilə yanaşı, “12-26-21” tarixi də qaya üzərinə cızılıb. Milli Park Xidmətinin arxeoloji materialına əsasən, həmin təsvirlərin 4 000-8 500 il əvvəl yaradıldığı ehtimal edilir.
Mütəxəssislər zərəri azaltmağa çalışsalar da, Milli Park Xidməti zədənin böyük hissəsinin daimi qaldığını bildirib. Parkın məlumatına görə, 2015-ci ildən həmin hadisəyə qədər arxeoloqlar belə ərazilərdə 50-dən çox vandalizm faktı qeydə almışdılar. Bu nümunələr göstərir ki, müasir dövrdə çəkilən bir neçə hərf və ya ad belə minilliklər ərzində qorunmuş arxeoloji irsdə bərpası mümkün olmayan iz buraxa bilər.
2024-cü ilin noyabrında Yutada daha bir petroqlif paneli vandalizmə məruz qalıb. Torpaqların İdarə Edilməsi Bürosunun ərazisində, Bakskin və Uayr-Pass yaxınlığında yerləşən arxeoloji obyektə zərər vuran Daniela Qanassim Eriksen 12 ay şərti nəzarətə məhkum edilib, ümumilikdə 14 853,36 dollar cərimə və zərərin ödənilməsi müəyyənləşdirilib. Bundan başqa, o, ərazidəki yerli-amerikalı tayfalarına üzr məktubu göndərməli və şərti nəzarət müddətində Torpaqların İdarə Edilməsi Bürosunun torpaqlarına daxil olmamalı olub. Zərərin bərpası və təmiri üçün hesablanan məbləğ 11 853,36 dollar təşkil edib.
.jpg)
Tarixi tikililər, heykəllər və memoriallar da hədəfdə olub
Vandalizm yalnız təbii və arxeoloji obyektlərlə məhdudlaşmayıb. 2015-ci ilin fevralında Yutadakı Timpanoqos mağarası ərazisində cinayətkarlar bağlı əraziyə daxil olmaq üçün qapının qıfılını sındırıblar. Daha sonra 1930-cu illərdə Mülki Mühafizə Korpusu tərəfindən tikilmiş tarixi strukturların pəncərələri qırılıb, qrafiti çəkilib, qapılar və məlumat lövhələri zədələnib, mağaranın girişinə zərər vurulub və təcili xilasetmə avadanlıqları oğurlanıb.
Hadisə ilə bağlı dörd nəfər dövlət əmlakının oğurlanması və zədələnməsi ittihamlarını qəbul edib. Onlara birlikdə yeddi il şərti nəzarət və 3 804 dollar zərərin ödənilməsi cəzası verilib.
.jpg)
2020-ci ilin iyununda isə Vaşinqtonda siyasi və ictimai etirazlar fonunda heykəllər vandalizmin hədəfinə çevrilib. Albert Paykın heykəli yerindən aşırılıb və yandırılıb. İki gün sonra Lafayet meydanındakı prezident Endrü Ceksonun heykəlinin kəndir və qayışlarla aşırılmasına cəhd göstərilib.
ABŞ rəsmiləri həmin dövrdə dinc etiraz hüququnun konstitusion qaydada qorunduğunu, lakin federal əmlakın zorakılıqla məhv edilməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bildiriblər. Hadisələrdən bir neçə gün sonra, 26 iyun 2020-ci ildə prezident tərəfindən federal memorialların və heykəllərin qorunması ilə bağlı sərəncam imzalanıb.
.jpg)
Muzey eksponatlarından milli simvollara qədər
2022-ci ilin sentyabrında Vaşinqton Monumenti də vandalizmin hədəfinə çevrilib. Şon Rey Diton adlı şəxs abidənin xarici hissəsini qırmızı boya ilə rəngləyib və hadisə yerində əlində boya fırçası, geyimində və bədənində boya olduğu halda saxlanılıb. O, federal qaydalar çərçivəsində qanunsuz müdaxilə və vandalizmlə bağlı ittihamla üzləşib. Sonradan federal dövlət əmlakının zədələnməsi üzrə günahını etiraf edib və bir il şərti nəzarət, eləcə də 3 034,99 dollar zərərin ödənilməsi cəzası alıb.
.jpg)
2022-ci ildə Nyu-Meksikodakı La-Syeneqilya petroqlifləri də sprey boya ilə korlanıb. XIII-XVII əsrlərə aid petroqliflərin yerləşdiyi qayaların ətrafındakı bir neçə sahəyə boya vuran Cessi Foster altı ay şərti nəzarətə, 1 996,44 dollar zərərin ödənilməsinə və mədəni və ictimai torpaqların qorunması ilə məşğul olan təşkilat üçün 50 saat, Torpaqların İdarə Edilməsi Bürosu üçün isə əlavə 48 saat ictimai xidmətə məhkum edilib.
.jpg)
2023-cü ilin aprelində Vaşinqtondakı Milli İncəsənət Qalereyasında Edqar Deqanın “On dörd yaşlı balaca rəqqasə” əsərinin qoruyucu vitrini də vandalizmə məruz qalıb. Coanna Smit və Timoti Martin qırmızı və qara boyanı əsərin vitrininə, postamentə və ətraf döşəməyə sürtüblər. Smitə 2024-cü ildə 60 gün həbs, 24 ay nəzarət altında azadlıq, 150 saat ictimai iş və zərərin ödənilməsi cəzası verilib, həmçinin iki il ərzində Vaşinqtona, muzeylərə və memoriallara giriş qadağan edilib. Martinlə bağlı məhkəmə prosesi isə 2025-ci ildə başa çatıb.
2024-cü ilin fevralında ABŞ Milli Arxivində ABŞ Konstitusiyasının nümayiş etdirildiyi qoruyucu vitrinin üzərinə qırmızı toz tökülməsi də diqqət çəkən hadisələrdən olub. Donald Zepeda və Cekson Qrin tərəfindən törədilən aksiyada Konstitusiyanın özünə fiziki zərər dəyməyib. Hər iki şəxs federal həbs cəzası alıb.
.jpg)
Gettisberqdən Linkoln Memorialına qədər
2024-cü ilin avqustunda Gettisberq döyüş meydanında iki ayrı vandalizm hadisəsi baş verib. Avqustun 15-də Littl-Raund-Topdakı bir neçə böyük qayanın üzərinə yazılar həkk edilib. Avqustun 19-da isə Ouk-Ricdə yerləşən tarixi Müharibə Departamenti müşahidə qülləsinə sprey boya vurulub. Milli Park Xidmətinin əməkdaşları hər iki ərazini avqustun 20-dək təmizləyə biliblər.
.jpg)
Yeni vandalizm halları isə 2026-cı ildə Vaşinqtonda qeydə alınıb. İyunun 19-da Linkoln Memorialının Əksolunma Hovuzunun yenicə quraşdırılmış örtüyünün bir hissəsinin qoparılması ilə bağlı araşdırma başlanıb. İyulun 2-də Merilend ştatının sakini Devid Hern hovuzun örtüyünə zərər vurmaqda ittiham edilərək Kolumbiya dairəsi qanunvericiliyinə əsasən ağır cinayət səviyyəsində əmlakın məhv edilməsi maddəsi ilə ittihama cəlb edilib.
.jpg)
2026-cı il avqustun 13-də isə ABŞ-nin Milli Mall ərazisində yerləşən İkinci Dünya müharibəsi Memorialının Atlantik Teatrı pavilyonuna sprey boya vurulub. Divara narıncı boya ilə “Təmiz əllər, çirkli pul” ifadəsi yazılıb, divarın aşağı hissəsinə yaşıl boya vurulub, yerə çəhrayı boya səpilib, fəvvarədə isə köpüklü maddə aşkarlanıb. Hadisə ilə bağlı Melissa Farris adlı qadın federal qanunvericilik üzrə ittiham edilib. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, ona ABŞ əmlakını qəsdən zədələmə və veteran memorialını məhv etmə ilə bağlı iki ittiham irəli sürülüb.
Memorial İkinci Dünya müharibəsində xidmət etmiş 16 milyon amerikalı hərbçinin, müharibə səylərinə dəstək verən milyonlarla insanın və həlak olmuş 400 mindən çox amerikalının xatirəsinə həsr olunub. ABŞ Ədliyyə Departamenti belə bir memorialın vandalizmə məruz qalmasını həmin şəxslərin xidmətinə və fədakarlığına qarşı təhqir kimi qiymətləndirib. Hadisə ilə bağlı hazırda yekun məhkəmə hökmü yoxdur və ittihamlar məhkəmə tərəfindən sübuta yetirilənədək şəxs təqsirsiz hesab olunur.
ABŞ qanunvericiliyində vandalizmə görə hansı cəzalar nəzərdə tutulur?
ABŞ-də tarixi, mədəni və təbii irs obyektlərinin zədələnməsinə görə məsuliyyət konkret hadisənin xarakterindən, obyektin statusundan, vurulan ziyanın həcmindən və digər hallardan asılı olaraq müxtəlif federal və yerli hüquq normaları əsasında müəyyənləşdirilir.
ABŞ Qanunlar Məcəlləsinin 18-ci bölməsinin 1361-ci maddəsi federal hökumətə və ya federal qurumlara məxsus əmlakın qəsdən zədələnməsini, məhv edilməsini və ya buna cəhd göstərilməsini cinayət hesab edir. Zərərin məbləği 1 000 dolları keçdikdə maksimum 10 ilədək həbs və ya cərimə, yaxud hər ikisi nəzərdə tutulur. Zərər 1 000 dolları keçmədikdə isə maksimum bir ilədək həbs və ya cərimə, yaxud hər ikisi tətbiq oluna bilər.
Veteranların xatirəsinə ucaldılmış memoriallara münasibətdə isə ayrıca federal norma mövcuddur. ABŞ Qanunlar Məcəlləsinin 18-ci bölməsinin 1369-cu maddəsinə əsasən, ictimai ərazidə ABŞ Silahlı Qüvvələrində xidmət etmiş şəxslərin xatirəsinə həsr olunmuş struktur, lövhə, heykəl və ya digər memorialı qəsdən zədələmək və ya məhv etmək, qanunda göstərilən federal yurisdiksiya hallarında, 10 ilədək həbs, cərimə və ya hər ikisi ilə cəzalandırıla bilər.
Bundan əlavə, arxeoloji və mədəni resursların qorunmasına yönəlmiş federal qanunvericilik də mövcuddur. Xüsusilə federal torpaqlarda arxeoloji resursların icazəsiz qazılması, götürülməsi, zədələnməsi və dəyişdirilməsi ayrıca hüquqi məsuliyyət yarada bilər. Milli park ərazilərində isə təbii, mədəni və arxeoloji resursların, tarixi strukturların və mağara formasiyalarının zədələnməsinə qarşı ayrıca mühafizə qaydaları tətbiq olunur.
Beləliklə, ABŞ-də vandalizmə münasibət yalnız zədələnmiş obyektin bərpası ilə məhdudlaşmır. Federal qanunvericilik həm dövlət əmlakının, həm veteran memoriallarının, həm də arxeoloji və mədəni irsin qəsdən zədələnməsinə görə real cinayət məsuliyyəti nəzərdə tutur. Son illərdəki məhkəmə işləri də göstərir ki, bu cür hallarda zərərin ödənilməsi, ictimai iş, şərti nəzarət və müəyyən ərazilərə giriş qadağası ilə yanaşı, hadisənin xarakterindən asılı olaraq uzunmüddətli həbs cəzası da gündəmə gələ bilər.
ABŞ-də müxtəlif dövrlərdə baş vermiş bu hadisələr göstərir ki, tarixi və təbii irs obyektlərinin qorunması yalnız dövlət qurumlarının deyil, cəmiyyətin də məsuliyyətidir. Sakura ağaclarından minillik petroqliflərə, milli memoriallardan muzey eksponatlarına qədər müxtəlif obyektlərin vandalizmə məruz qalması irsin fiziki baxımdan nə qədər həssas olduğunu nümayiş etdirir. Ən mühüm problem isə bəzi zədələrin texniki baxımdan bərpa edilə bilsə də, obyektin ilkin vəziyyətinin və tarixi bütövlüyünün tam şəkildə geri qaytarılmasının mümkün olmamasıdır.