Eks-nazir və şöbə rəisinin məhkəməsi başladı

eks-nazir-ve-sobe-reisinin-mehkemesi-basladi
Oxunma sayı: 5758

Naxçıvanın sabiq maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Təqsirləndirilən şəxslərin əvvəlki vəkilləri məhkəməyə gəlmədiklərinə görə onlara dövlət hesabına yeni vəkillər təyin edilib. Müdafiə tərəfi indiki mərhələdə hər hansı vəsatət qaldırmayıb. Prokuror müttəhimlər haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini deyərək cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Faiq Heydərovun sədrlik etdiyi hakimlər heyətinin qərarına əsasən prokurorun vəsatəti təmin edilib.

İlk baxış iclası aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, eks-nazir və şöbə rəisi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Sail Ağasəlim