“Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?”

elcin-azadliqda-oldugu-halda-men-niye-hebsdeyem
Oxunma sayı: 7638

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının məhkəməsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iş üzrə hazırlıq prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. Əvəz Zeynallı ilə yanaşı, prosesə "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürov də təqsirləndirilən şəxs qismində gətirilib.

Ə.Zeynallı ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib: "Mən vəkil Elçin Sadıqovla birlikdə həbs olunmuşam. İttiham verilib ki, mən onunla birlikdə rüşvət almışam. Niyə o azadlıqdadır, mən həbsdə? Axı mənə ittiham onunla birlikdə verilib? Biz bir ittihamla saxlanılmışıq, həbs edilmişik. Deyim, nəyə görə. Elçin Sadıqov mənim üzümə durdu deyə azadlığa buraxıldı”.

Onun vəkili Fəxrəddin Mehdiyev təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılması və müdafiəçilərin yanında mühakimə olunması barədə vəsatət qaldırıb. F.Mehdiyev həmçinin cinayət işinə xitam verilməsini də istəyib. Elnur Şükürovun vəkili Ramil Əliyev isə bildirib ki, istintaq dövründə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Mehman Hümbətov (red: hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İstintaq İdarəsinin rəisi) onu yanına çağırıb və Əvəz Zeynallıya qarşı ifadə verməyini istəyib.

Vəkillər Mehman Hümbətovun əməlində cinayət tərkibi olduğunu deyərək onun barəsində xüsusi qərar çıxarılmasını istəyib. Vəsatətlər təmin edilməyib.

Prosesdə bildirilib ki, cinayət işinin təqsirləndirilən şəxs Elnur Şükürovla bağlı hissəsində Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.

İş üzrə hazırlıq iclası başa çatıb və məhkəmənin baxış iclası aprelin 10-a təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

Amin Nəzərli