Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ICCD 2026 beynəlxalq konfransı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, konfrans Azərbaycan Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşlar ilə birgə baş tutur.
Əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olan konfranda rəsmilərdən-Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Həsən Mansurov, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Xarici İşlər Nazirliyinin müavini Elnur Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsal inkişaf üzrə nazir müavini Saməddin Əsədov və başqaları iştirak edir.
Bundan əlavə tanınmış beynəlxalq ekspertlər, ölkədə akkreditə olunan səfirlər və diplomatlar, eləcə də aidiyyəti beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlər və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlərə qarşı mübarizə, kiberməkanda etimadın formalaşdırılması və dövlətlərin məsuliyyətli davranışının təşviqi, eləcə də kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Konfransın keçirilməsində əsas məqsəd sürətlə dəyişən texnoloji və geosiyasi mühit şəraitində kiberməkanın gələcəyinə dair regional və beynəlxalq baxışların müzakirə edilməsi, habelə dövlətlər, beynəlxalq təşkilatlar, ekspert dairələri və özəl sektor arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinə töhfə verməkdən ibarətdir.
Sail Ağasəlim
Fotolar: Pərvin Zeynal





Son xəbərlər
Son Xəbərlər