Ərini və oğlunu itirən Raya ana 34 il sonra Xocalıda - Foto

erini-ve-oglunu-itiren-raya-ana-34-il-sonra-xocalida
Oxunma sayı: 1088

Həm oğlunu, həm də həyat yoldaşını Vətən yolunda itirən Raya Əbdülova üçün azad olunan torpaqlara qayıdış sevinc və kədərin bir arada yaşandığı unudulmaz günə çevrilib.

“Qafqazinfo”ya danışan 66 yaşlı Raya xanım hazırda Xocalı şəhərində, öz evində övladları və nəvələri ilə birlikdə yaşayır.

O bildirib ki, torpaqların azad olunması onun üçün həyatının ən qürurlu anıdır: “Prezidentimizin azad olunan ərazilərə ilk gəlişində özünün gəlib camaatla görüşməsi bizə böyük qürur hissi yaşatdı. Sevincimin həddi-hüdudu olmadı. Həyatımın ən xoşbəxt gününü yaşadım. Allah Prezidentimizə cansağlığı versin. Həm kədərləndim, həm sevindim. Bu günümüzə şükür”.

Raya xanımın həyat yoldaşı Əbdülov Yelmar İsgəndər oğlu 43 yaşında, 1992-ci il fevralın 26-sı əsir götürülərək güllələnib. Ailənin ortancıl oğlu 19 yaşlı Zahiddən isə bu günə qədər xəbər yoxdur.

O, ana üçün ən ağır yükün xəbərsizlik olduğunu deyir. Ümidlə gözləmək, hər gün bir xəbər sorağında olmaq onun həyatının dəyişməz gerçəyinə çevrilib. Azad edilmiş kənddə evlərini görəndə isə hissləri daha da qarışıb. O, bir zamanlar 30 hektarlıq həyətində öz əlləri ilə əkdiyi ağacların, mərhum qayınanasının saldığı fındıq bağlarının yerlə-yeksan olduğunu, meyvə ağaclarının yerində narkotik xassəli bitkilərin əkildiyini bildirib.

Xəbəri rus dilində oxuyun: 34 года спустя: Возвращение в Ходжалы к теням мужа и сына - ФОТО

“Evi görəndə elə bildim ki, oğlumu da gətirmişəm. Sanki yoldaşım da yanımda idi”, - deyən Raya xanımın hekayəsi təkcə bir ailənin faciəsi deyil. Bu həm də Azərbaycan qadınının dözümünün, səbrinin və Vətənə bağlılığının nümunəsidir. O, ən əzizlərini torpaq uğrunda itirsə də, azadlığı görməyin qürurunu yaşayır.

Ziya Əmirxanlı