“Şəhid və qazi ailələrinə qayğı fəaliyyətimizdə prioritet olub” - Təmraz Tağıyev

sehid-ve-qazi-ailelerine-qaygi-fealiyyetimizde-prioritet-olub
Oxunma sayı: 266

Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon sakini, Vətən müharibəsi qazisi Orxan Əsgərov Türkiyənin Konya şəhərində yerləşən tanınmış klinikalardan birinə növbəti əməliyyat üçün göndərilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev məlumat verib.

Sədr bildirib ki, qazi Orxan Əsgərovun aldığı qəlpə yarası nəticəsində üz-çənə nahiyəsində əməliyyatların aparılmasına ehtiyac yaranıb. O. Əsgərov qısa müddət ərzində 25 dəfə üz-çənə əməliyyatı keçirib və səhhətində xeyli irəliləyiş əldə olunub. Lakin onun tam sağalması üçün növbəti əməliyyata ehtiyac var.

Təmraz Tağıyev bildirib ki, sonuncu əməliyyatdan sonra qazinin sərbəst danışması və qida qəbulu ilə bağlı yaşadığı problemlər aradan qaldırılıb.

Növbəti əməliyyata ehtiyac yarandığı üçün qazi yenidən Türkiyəyə göndərilir. T. Tağıyev qeyd edib ki, qazinin Türkiyədə olduğu müddətdə onun və ailəsinin sosial-məişət qayğıları bələdiyyənin diqqət mərkəzində olub və bundan sonra da belə olacaq. Sədr qazinin tezliklə tam sağalaraq normal həyat fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.

Təmraz Tağıyev qazinin növbəti əməliyyatının həyata keçirilməsində Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altayın xüsusi dəstəyini də qeyd edib. Qazinin əvvəlki əməliyyatı da məhz Konya şəhərində həyata keçirilib.

Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov bələdiyyəsinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən sədr qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlığı nəticəsində əldə olunub: “Bu günədək beş şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində işlə təmin edilib, 31 şəhid və qazi ailəsinə aylıq maddi dəstək göstərilir. Bununla yanaşı, yeddi şəhid ailəsinin övladına aylıq təqaüd verilir. Nərimanov bələdiyyəsi rayon sakini olan şəhid və qazi ailələrinin sosial-məişət qayğılarını daim diqqət mərkəzində saxlayır. Məhz şəhid və qazi ailələrinin təklifləri əsasında rayonun İ. Abisov, F. X. Xoyski, Z. Bünyadov, Ş. Mustafayev və A. Nemətulla küçələrində cari təmir işləri həyata keçirilib.

Şəhid və qazi ailələrinə diqqət və qayğı göstərilməsi həm Nərimanov Rayon İcra Hakimiyyətinin, həm də Nərimanov bələdiyyəsinin fəaliyyətində hər zaman prioritet olub və bundan sonra da belə olacaq”.