Son günlər Britaniya kral ailəsinin keçmiş üzvləri Şahzadə Harri və Meqan Marklın maliyyə vəziyyəti ilə bağlı yeni iddialar yayılıb.
“Qafqazinfo” “Page Six”ə istinadən xəbər verir ki, cütlüyün Kaliforniyanın Montecito şəhərindəki dəbdəbəli həyat tərzi ciddi xərclərlə müşayiət olunur.
Məlumata görə, kənardan uğurlu və rahat həyat yaşayırmış kimi görünən cütlüyün daxildə maliyyə balansı gözlənildiyi qədər stabil deyil. İddialarda qeyd olunur ki, ailənin əsas gəlir mənbəyi hazırda Meqan Marklın layihələri və biznes fəaliyyətidir. Ailənin gündəlik xərcləri ilə yanaşı, kommunal ödənişlər də, əsasən, Meqan Markl tərəfindən qarşılanır.
Bildirilir ki, Şahzadə Harrinin gəlirləri, əsasən, xeyriyyə fəaliyyəti və müxtəlif qeyri-kommersiya layihələri ilə məhdudlaşır, bu isə ailənin yüksək xərclərini tam qarşılamır.
Cütlüyün illik xərclərinin milyonlarla dollar olduğu, xüsusilə təhlükəsizlik və yaşayış xərclərinin büdcədə böyük pay tutduğu iddia edilir. Montecitodakı malikanənin də yüksək ipoteka ödənişləri ilə əldə edildiyi qeyd olunur.
Eyni zamanda, Meqan Marklın əvvəlki media və rəqəmsal platforma müqavilələrinin başa çatması fonunda yeni biznes layihələrinə fokuslandığı bildirilir. Onun “As Ever” adlı brendi üzərində işlədiyi və əlavə gəlir mənbələri yaratmağa çalışdığı qeyd olunur.
Bəzi iddialarda isə cütlüyün yüksək həyat standartını qorumaqda çətinlik çəkdiyi, buna baxmayaraq, lüks xərclərdən tam imtina etmədiyi irəli sürülür.
Son xəbərlər
Son Xəbərlər