Misirin Giza əyalətində iki qatarın toqquşması nəticəsində azı 150 nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin “Masrawy” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün günorta saatlarında Əl-Əyyat rayonunda, Kəfr-Əmmar və Ər-Rəqqa stansiyaları arasındakı dəmir yolu xəttində baş verib. Qəza nəticəsində dörd vaqon relsdən çıxıb. İlkin məlumata görə, xəsarət alanların əksəriyyətində sınıq və əzilmələr qeydə alınıb.
Hadisə yerinə 50-dən çox təcili tibbi yardım avtomobili cəlb edilib. Yaralıların daşınmasında yerli sakinlərin nəqliyyat vasitələrindən də istifadə olunub. Bölgədəki tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib. Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb.
***
Misir Milli Dəmir Yollarından bildirilib ki, Misirin Giza əyalətinin Ayət şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 7 nəfər həlak olub, 112 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, Gizadan Fayum şəhərinə gedən 134 nömrəli qatar Qahirə-Asvan marşrutu ilə hərəkət edən 2010 nömrəli sərnişin qatarının arxa vaqonuna çırpılıb. Qəza səbəbindən Qahirə-Asvan dəmir yolu xəttində qatarların ikitərəfli hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisə yerinə ağır texnika və mühəndis qrupları cəlb olunub, relsdən çıxan vaqonların qaldırılması işləri aparılır.
Misirin Səhiyyə və Əhali Nazirliyi yaralıların dərhal evakuasiyası üçün əraziyə 72 təcili tibbi yardım briqadasının göndərildiyini bildirib. Xəsarət alanlardan 72 nəfər Vasta, 33 nəfər Ayət, qalan yaralılar isə Atyaf xəstəxanalarına yerləşdirilib. Hadisədən sonra müalicəsi tamamlanan 45 nəfər artıq evə buraxılıb.
Səhiyyə naziri Xalid Əbdül Qaffar Giza və Bəni Suveyf əyalətlərindəki tibb müəssisələrində hazırlıq səviyyəsinin artırılması barədə göstəriş verib.
Son xəbərlər
Son Xəbərlər