“Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb” - Yenilənib

fennini-zeif-bilen-muellimlerin-faizi-keskin-azalib
Oxunma sayı: 499

“Sertifikatlaşdırma və MİQ imtahanları nəticəsində fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Real TV-nin “Orta gün” verilişində deyib.

V.Yaqublu bildirib ki, əsas problem müəllimin öz fənninin tədrisi metodikasını bilməsi ilə bağlıdır: “Tədris metodikasını bilmək “uşaq öyrənmək istəmir” postulatından uzaqlaşmaq deməkdir. Metodika elmi “öyrənməyi bacarmayan şəxsi necə öyrətmək olar?” sualına cavab verən elmdir. Ona görə də biz çalışırıq ki, müəllimlər öz fənlərinin tədris metodikasını bilsinlər”.

***

Direktor müavini qeyd edib ki, dərs demək dərslikdə yazılanı uşaqlara söyləmək deyil: “Öyrənməyi bacaran uşaq elə dərslikdə yazılanı özü də oxuyub öyrənə bilir. Müəllimin funksiyası dərslikdə yazılanı daha rahat, müxtəlif formalarda uşaqların səviyyəsinə uyğun şəkildə çatdırmaq və onu qiymətləndirməkdir. Müəllimlər sertifikatlaşdırma imtahanlarda uğur qazanmaq üçün sadəcə olaraq məsuliyyətlə işləməlidirlər. İl ərzində sinfində öz fənnini normal tədris edən, şagirdi ilə əks-əlaqə quran, onun harada geri qaldığını nəzərə alan, şagirdə fərdi yanaşan, fənninin içində bilmədiyi mövzuları araşdırıb dərindən öyrənən müəllim sertifikatlaşdırma imtahanında heç bir çətinliklə qarşılaşmır. Müəllim yalnız şagirdə öyrədəcəyi məlumat üzrə imtahan olunur. Ondan artıq heç nə soruşulmur. İmtahanın qiymətləndirmə çərçivəsi də əvvəlcədən paylaşılır deyə onlar bundan məlumatlıdırlar”.

V. Yaqublu sertifikasiyanın müəllimlər arasında diferensiasiya yaratdığını, eyni iş müqabilində daha savadlı və səriştəli olanların daha çox maaş aldığını vurğulayıb: “Təhsil sisteminə təsadüfən gəlmiş, sənəti sevməyən, bilik və bacarıqları kifayət qədər olmayan şəxslər sistemdən uzaqlaşdırıldı, bir təmizlənmə prosesi getdi. Bu da müəllimlər üçün öz üzərlərində işləmək üçün motivasiya oldu. Müsahibədə müəllimlərin təkcə biliklərini yox, metodiki bacarıqlarını, nitq qabiliyyətini qiymətləndiririk. Müsahibə mərhələsinə hələ də müəllimlərimiz kifayət qədər önəm vermirlər. Müsahibə mərhələsinin onların kim olduğunu daha yaxşı qiymətləndirən proses olmasına hələ də hazır deyirlər”.