Hacıkənddəki tarixi evlər dağılmaq təhlükəsi ilə üz-üzə... - Fotolar

hacikenddeki-tarixi-evler-dagilmaq-tehlukesi-ile-uz-uze
Oxunma sayı: 3275

Gəncənin Hacıkənd qəsəbəsində təxminən iki əsr yaşı olan evlər dağılır.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. Hər daşında, divarında tarix olan bu tikililər indi xarabalığı xatırladır. 

Məlumatlara görə, Hacıkənd qəsəbəsində təxminən 50-dən artıq belə ev olub. Bu tikililərin vaxtilə varlı bəylər, hacılar tərəfindən inşa olunduğu, sonralar istirahət düşərgələri olması bildirilir. Amma artıq bir çox evlərin izləri belə itib. Digərlərinin divarları, daşları, yarımçıq damları qalıb ki, bu gedişlə onları da bənzər aqibət gözləyir. Uzun illərdən bəri təmir-bərpa işi aparılmayan bu evlər yox olmaq təhlükəsi ilə üz-üzədir. 

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan müraciətimizə belə cavab verildi: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarında ölkə ərazisində olan dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli tarixi abidələr qeyd olunub. Həmin binalar tarixi abidələr kimi qeydiyyata alınmayıb. Yəni o siyahıda deyil. Vaxtilə o binalar Gəncə Dəmir Yol İdarəsinin yay istirahət düşərgəsinin ərazisində yerləşib. Hazırda isə bizdə olan məlumata görə, bu binalar özəlləşdirilib”.

Daha öncə Mədəniyyət Nazirliyi tərəfindən də bu problemlə əlaqədar verilən açıqlamada bildirilib ki, həmin binaların heç biri qeydiyyata alınmayıb.

Sosial şəbəkə istifadəçisi Fəridə Ziyadovanın Hacıkənddən çəkdiyi fotoları təqdim edirik:

Lamiyə Məmmədova