“Həftədə bir dəfə keçirilən imtahanla yüksək vəzifələrdə işləyə bilirdik, indi isə...”

heftede-bir-defe-kecirilen-imtahanla-yuksek-vezifelerde-isleye-bilirdik-indi-ise
Oxunma sayı: 1182

“Biz dənizçilərin çoxu xaricdə işləyirik və ən azı 6 ay ölkədə olmuruq. Diplom dəyişərkən və alarkən imtahan sualları çətin olduğundan bir neçə dəfə kəsilmək mümkün haldır. İmtahan növbəsi isə ayda bir dəfə olduğu üçün zamanımız gedir və işimizi itiririk”.

Bu şikayətlə “Qafqazinfo”ya Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kollecinin məzunları müraciət edib.

Kapitanın baş köməkçisi Bəhruz Sadıqzadə bildirib ki, onların son illərdə hüquqları məhdudlaşdırılıb: “Bizim təhsil proqramı Azərbaycan Dövlət Dəniz Akademiyası ilə uyğun olub və dərslər “International Maritime Organization” (IMO) tərəfindən müəyyən edilən “STCW-78/95” konvensiyasının tələblərinə əsasən keçirilib.

Əvvəllər biz müvafiq imtahanlardan keçərək kapitan, baş mühəndis və digər yüksək vəzifələrdə işləmək imkanı əldə edirdik. Lakin Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ildən etibarən bu hüquqları məhdudlaşdırıb, 2024-cü ildən isə daha aşağı vəzifələrlə kifayətlənməyə məcbur edib. Hazırda kollec məzunları yalnız növbə köməkçisi və növbə mühəndisi vəzifələrində çalışa bilir”.

Dənizçilərin iddiasına görə, bu qərarların rəsmi hüquqi əsası təqdim olunmayıb və beynəlxalq standartlara ziddir: “Problemlər tək bununla kifayətlənmir. Biz həmçinin imtahan sistemindəki dəyişiklikləri də qəbul etmirik. Əvvəllər həftədə bir dəfə keçirilən imtahanlar hazırda ayda bir dəfə təşkil olunur. Xaricdə çalışan və uzun müddət ölkədən kənarda olan dənizçilər üçün bu vəziyyət ciddi problemlər yaradır, iş və gəlir itkilərinə səbəb olur”.

Şikayətçilər təcrübə tələblərinin də absurd olduğunu qeyd ediblər: “Belə ki, agentlik tərəfindən 24 aylıq stajla yanaşı, əlavə olaraq 3000 GRT və 3000 kVt göstəriciləri tələb olunur. Bu nə dərəcə düzgündür? Biz bu tələbləri məntiqsiz hesab edirik. İstəyirik ki, süni problemlər aradan qaldırılsın”.

Məsələ ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, konvensiyanın müddəalarına əsasən, gəmilərin heyət üzvlərinə diplomlar yalnız onların üzmə stajı, yaşı, sağlamlıq vəziyyəti, təhsili, peşə və xüsusi hazırlığı müvafiq tələblərə tam uyğun olduqda verilir: “Ölkəmizdə dənizçilərin sertifikatlaşdırılması “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyaya (bundan sonra – Konvensiya), habelə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”yə uyğun həyata keçirilir. Bu tələblər məcburi xarakter daşıyır və hər hansı istisnaya yol verilmir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21.1-ci maddəsinə əsasən, orta ixtisas təhsili əmək bazarının tələbatına uyğun olaraq icraedici səviyyədə fəaliyyət göstərə biləcək mütəxəssislərin hazırlanmasını təmin edir. Həmin qanunun 22.1-ci maddəsinə əsasən isə ali təhsil pilləsi yüksəkixtisaslı, idarəetmə və qərarvermə qabiliyyətinə malik mütəxəssislərin hazırlanmasına yönəldilib.

Beləliklə, qanunvericilik səviyyəsində ali təhsil ilə orta ixtisas təhsili arasında məqsəd, nəticə baxımından prinsipial və aradan qaldırılması mümkün olmayan fərq müəyyən edilib. Bu fərqin nəzərə alınmaması qanunun tələblərinin pozulmasıdır. Qanunun məzmunundan birbaşa göründüyü kimi, idarəetmə və qərar qəbul etmə qabiliyyətinə malik mütəxəssislərin hazırlanması yalnız ali təhsil pilləsində həyata keçirilir və bu funksiyanın orta ixtisas təhsili səviyyəsində təmin edilməsi nəzərdə tutulmayıb.

Eyni zamanda gəmidə idarəetmə səviyyəsi hesab edilən qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitan və kapitanın baş köməkçisi, baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə baş mexanik və ikinci mexanik vəzifələrə yalnız yüksəkixtisaslı dənizçilər təyin oluna bilər. Həmçinin ali təhsil müəssisələrinə qəbul zamanı tətbiq olunan keçid balları orta ixtisas təhsili müəssisələri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Bu fərq sonrakı mərhələdə tədrisin dərinliyinə, mürəkkəbliyinə, nəticə etibarilə formalaşan peşə səriştələrinə birbaşa təsir göstərir və obyektiv reallıq kimi qəbul edilməlidir.

Beynəlxalq Dəniz Təşkilatının Model kurslarına və DHDNÇ Məcəlləsinin II və III Bölmələrinə əsasən, qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitan və kapitanın baş köməkçisi, baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə baş mexanik və ikinci mexanik vəzifələri üzrə səriştə, bilik və bacarıqlara dair məcburi minimum tələblər müəyyən edilib.

Bu tələblər yalnız nəzəri biliklərlə məhdudlaşmayaraq kompleks texniki və əməliyyat biliklərini, risklərin idarə olunmasını, fövqəladə hallarda qərarvermə bacarıqlarını, insan resurslarının idarə olunmasını və məsuliyyət daşıma qabiliyyətini əhatə edir. Həmin tələblər üzrə tərtib edilmiş cədvəllər açıq şəkildə göstərir ki, bu səriştələr yalnız geniş həcmli və dərinləşdirilmiş ali təhsil proqramları çərçivəsində formalaşdırıla bilər.

Eyni zamanda, “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”də adıçəkilən vəzifələr üzrə “müvafiq ixtisas üzrə təhsil” anlayışı məhz qeyd olunan beynəlxalq tələblərə cavab verən təhsil səviyyəsini nəzərdə tutur. Bu isə faktiki olaraq həmin vəzifələr üçün tələb olunan səriştə və biliklərin yalnız uyğun səviyyədə – yəni idarəetmə səviyyəsinə adekvat təhsil proqramları vasitəsilə əldə olunmasını şərtləndirir. Orta ixtisas təhsili almış şəxslər isə qeyd olunan vəzifələr üzrə nəzərdə tutulan tələblərə uyğun hesab edilmir.

Habelə Beynəlxalq Dəniz Təşkilatının Model kurslarında nəzərdə tutulmuş mühazirə, laboratoriya, trenajor və istehsalat təcrübəsi saatlarının müqayisəli təhlili göstərir ki, ali təhsil müəssisələrində bu komponentlər daha geniş və sistemli şəkildə tədris olunur, orta ixtisas təhsili müəssisələrində isə həmin saatların həcmi, məzmunu məhduddur və ümumiyyətlə  idarəetmə səviyyəsini nəzərdə tutmur. Yuxarıda göstərilənlərdən aydın olur ki, orta ixtisas təhsili almış şəxslər DHDNÇ Məcəlləsinin II və III bölmələrində müəyyən edilmiş idarəetmə səviyyəsi üzrə səriştə tələblərinə və milli qanunvericiliyin tələblərinə cavab vermir. Bu səbəbdən onların birbaşa həmin vəzifələr üzrə imtahanlara buraxılması və ya müvafiq sertifikatların (diplomların) verilməsi beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirilə bilər və beynəlxalq audit yoxlamalarında ciddi hüquqi nəticələr doğura bilər.

Dəniz üzgüçülüyü yüksək riskli fəaliyyət sahəsidir və burada qəbul edilən hər bir qərar dənizdə insan həyatının təhlükəsizliyi, dəniz ətraf mühitinin qorunması və ölkənin iqtisadi gücünün inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Kifayət qədər hazırlığı olmayan şəxslərin gəmilərdə idarəetmə səviyyəsində vəzifələrə buraxılması qəza risklərinin artmasına, insan həyatının təhlükə altına düşməsinə və ekoloji fəsadlara səbəb ola bilər. Bu isə nə milli qanunvericiliyə, nə də Azərbaycan Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun deyil. Eyni zamanda, sertifikatların (diplomların) verilməsi və yenilənməsi ilə bağlı imtahanların ayda bir dəfə keçirilməsi sertifikatlaşma prosesinin, o cümlədən dənizçilərin bilik və bacarıqlarının qiymətləndirməsinin keyfiyyətinin artırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq tətbiq edilir.

Yuxarıda qeyd olunan hüquqi və beynəlxalq standartlara əsaslanan müddəalar nəzərə alınaraq, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən orta ixtisas təhsili üzrə diplom almış şəxslərin gəmilərdə idarəetmə səviyyəsində vəzifələrə buraxılması, bu məqsədlə imtahanlarda iştirakına icazə verməsi və onlara müvafiq sertifikatların (diplomların) təqdim etməsi mümkün deyil”.

Fidan Etibar