“Hörmüzü tvitlərlə ələ keçirmək olmaz” - Trampa cavab gecikmədi

hormuzu-tvitlerle-ele-kecirmek-olmaz
Oxunma sayı: 231

“Hörmüz boğazı tvitlər, təyyarədaşıyan gəmilər, əmrlər və ya seçki çıxışları ilə ələ keçirilə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına cavabında deyib.

Qəribabadi bildirib ki, İran nə təhdidlərdən, nə də güc nümayişindən qorxur.

“Hörmüz boğazı İrana məxsus idi, İrana məxsusdur və İrana məxsus olacaq. Bu boğaz yalnız İranın əmri ilə açılıb bağlanacaq”, - o qeyd edib.

İran rəsmisi Trampı ABŞ-nin İrana qarşı uğursuzluğa düçar olduğunu qəbul etməyə çağırıb və əlavə edib ki, Tehran Vaşinqtonun “əsl məğlubiyyəti” qəbul etmədiyi müddətdə Hörmüz boğazına blokada tətbiq etməyə davam edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam blokada tətbiq etdiyini deyib. Tramp həmçinin İranı tamamilə məğlub etdikdən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib.

Tramp sosial media hesabında ABŞ-nin Hörmüz boğazı üzərində “tam nəzarətə” sahib olduğunu və bu nəzarəti qoruyub saxlaya biləcəyini qeyd edib.