“İdrak”dakı insident parlamentdə müzakirə olundu

idrakdaki-insident-parlamentde-muzakire-olundu
Oxunma sayı: 1169

“Son günlər Bakıda məktəblərdən birində baş verən xoşagəlməz hadisəyə toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınmaqdadır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov “İdrak” liseyində baş verən hadisə ilə bağlı parlamentdəki çıxışında bildirib.

“Uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə ciddi düşünməyə ehtiyac var. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var.

Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var. Onu da qeyd edim ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtalya və İspaniyada artıq qərar və qanunların qəbul olunmasına başlanılıb.

Düşünürəm ki, artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq çətinləşəcək. Bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdır”, - deputat qeyd edib.

Deputat Qüdrət Həsənquliyev də sözügedən hadisəyə münasibət bildirib.

“Bu yaxınlarda “İdrak” liseyində bir hadisənin, ağır cinayətin şahidi olduq. Mətbuatdan oxuduq ki, lisey rəhbərliyi bilirmiş ki, həmin uşaq zorakılığa meyillidir və zorakılığı təbliğ edən materialları digər uşaqlara da yayır. Rəhbərlik bildirib ki, biz bu barədə valideynlərinə məlumat vermişdik. Bəs niyə aşağıda təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat verilməyib ki, həmin uşağı xüsusi olaraq yoxlasınlar?!

Görüntülərdən uşağın çiynində silahla liseyə daxil olanda bilinir ki, məktəbli çantası deyil. Amma təhülkəsizlik xidmətinin iki əməkdaşı heç buna əhəmiyyət də vermir, dayanıb söhbət edirlər. Bu, bullinqdir. Gələcəkdə bu uşaqlar potensial cinayətkar olurlar. Ona görə də ilk növbədə valideynə məlumat verilirsə və tədbir görülmürsə, bu barədə mütləq polisə bildirilməlidir. Onların xüsusi siyahısı tutulmalı və nəzarət olunmalıdır”, - parlamentari əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub. 

Nuranə Daxilqızı