II Qareginin məhkəməsi təxirə düşdü - Səbəb budur

ii-qareginin-mehkemesi-texire-dusdu
Oxunma sayı: 406

“Bütün ermənilərin Katalikosu II Qaregin və daha 6 yepiskopun cinayət işinə baxan hakim Hakob Manukyan özü-özünə etiraz (özünü kənarlaşdırma) edib”.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan jurnalistlərə açıqlamasında bildirib:

“Məhkəmə iclaslarının ilkin mərhələsində hakimin kənarlaşdırılması və özü-özünə etirazı məsələsi müzakirə olunur. Hakim Hakob Manukyan özü-özünə etiraz edərək bu işə baxmaqdan imtina etdi”.

Hakim özünü kənarlaşdırmasına əsas kimi vaxtilə vəkillik lisenziyasını həmin dövrdə Vəkillər Kollegiyasının sədri olmuş Ara Zohrabyandan almasını göstərib. A. Zohrabyan isə bunun şəxsi qənaətinə görə ciddi əsas olmadığını, lakin hakimin şübhələrə yol verməmək üçün bu addımı atdığını əlavə edib. İş başqa hakimə həvalə olunacaq.

Məlumat üçün bildirək ki, II Qaregin Ali Dini Şuranın sədri kimi xidməti səlahiyyətlərindən istifadə edərək qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına mane olmaqda təqsirləndirilir.

Qeyd edək ki, cinayət işinə II Qareginin Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Arman (Gevorq) Saroyanın din xadimi rütbəsindən məhrum edilməsi və vəzifədən azad olunması barədə qərarı səbəb olub. Məhkəmə A. Saroyanın iddialarını təmin edərək onun son qərar çıxana qədər vəzifəsinə bərpa olunması barədə qərar çıxarsa da, II Qaregin və 6 yepiskop məhkəmə hökmünü icra etməyiblər.

Həmin cinayət işi çərçivəsində arxiyepiskop Natan Hovhannisyan, yepiskop Hovnan Hakobyan, yepiskop Makar Hakobyan, yepiskop Muşeq Babayan, arxiyepiskop Haykazun Nacaryan və yepiskop Vahan Hovhannisyana da ittiham irəli sürülüb.