İndoneziya daha bir güclü zəlzələ ilə silkələndi - Video

indoneziya-daha-bir-guclu-zelzele-ile-silkelendi
Oxunma sayı: 603

İndoneziyada şənbə günü yenidən güclü zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Alman Geoelmlər Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.

Bildirilib ki, Şimali Sumatra bölgəsində baş verən zəlzələnin maqnitudası 6,4 bal olub.

GFZ zəlzələnin 158 kilometr dərinlikdə qeydə alındığını bildirib.

Bu, İndoneziyada gün ərzində baş verən ikinci güclü zəlzələdir. Daha əvvəl ölkənin sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində binalar və evlər dağılıb, ən azı 38 nəfər ölüb, çox sayda insan yaralanıb.

Həmin zəlzələdən sonra İndoneziya hakimiyyəti sunami xəbərdarlığı elan edib. Lakin Meteorologiya, İqlim və Geofizika Agentliyinin monitorinqi dəniz səviyyəsində sahil əraziləri üçün təhlükə yarada biləcək əhəmiyyətli dəyişiklik göstərmədikdən sonra xəbərdarlıq ləğv olunub.

Qeyd edək ki, İndoneziya Sakit okeandan Cənub-Şərqi Asiyaya qədər uzanan yüksək seysmik aktivlik zonası olan “Atəş halqası” üzərində yerləşir. Buna görə ölkədə tez-tez güclü zəlzələlər və vulkan püskürmələri baş verir.

İndoneziyanın Flores adasında 1992-ci ildə baş verən 7,7 bal gücündə zəlzələ sunamiyə səbəb olub və təxminən 2 500 nəfərin ölümünə gətirib çıxarıb.

2004-cü ildə isə Sumatra sahillərində baş verən 9,1 bal gücündə zəlzələ tarixdə ən dağıdıcı sunamilərdən birinə səbəb olub. Fəlakət nəticəsində bölgədə təxminən 220 min insan həyatını itirib, onların 170 minə yaxını İndoneziyada ölüb.

2018-ci ildə Lombok adasında baş verən güclü zəlzələ və ardınca gələn təkanlar 550-dən çox insanın ölümünə səbəb olub. Həmin ilin sonunda Sulavesidə 7,5 bal gücündə zəlzələ və sonrakı sunami nəticəsində isə 4 300-dən çox insan ölüb və ya itkin düşüb.