Yeni araşdırma insanların böyük əksəriyyətinin niyə sağ əlli olduğunu izah edib.
“Qafqazinfo” xəbər verir ki, Oksford Universiteti alimlərinin apardığı tədqiqata görə, sağ əlin dominant olması insan beyninin inkişafı və iki ayaq üzərində yeriməyə başlanması ilə əlaqəli ola bilər.
Araşdırmada qeyd olunur ki, dünya əhalisinin təxminən 90 faizi, əsasən, sağ əlindən istifadə edir. Alimlər bunun təsadüfi olmadığını və insan təkamülü ilə bağlı formalaşdığını bildirirlər.
Tədqiqatçılar vurğulayırlar ki, digər primatlarda əl istifadəsi daha balanslı olsa da, insanlarda bir əlin (əsasən, sağ əlin) üstünlük təşkil etməsi diqqət çəkir. Qeyd edilir ki, insanların dik yeriməyə başlaması və beynin inkişaf etməsi sağ əlliliyin yayılmasına təsir göstərib.
Araşdırmaya əsasən, əl üstünlüyü ana bətnində formalaşmağa başlayır və uşaqlıq dövründə daha da inkişaf edir. Ətraf mühit və gündəlik vərdişlər də bu prosesdə mühüm rol oynayır.
Alimlər həmçinin bildirirlər ki, dominant olmayan əldən istifadə beyində yeni neyron əlaqələrinin yaranmasına kömək edə bilər. “Neyroplastiklik” adlanan bu proses beynin koordinasiya və hərəkət funksiyalarını gücləndirir.
Vurğulanır ki, gündəlik həyatın böyük hissəsi sağ əlli insanlar üçün uyğunlaşdırıldığına görə solaxay insanlar hələ də bir sıra çətinliklərlə qarşılaşırlar.
Son xəbərlər
Son Xəbərlər