Küveyt beynəlxalq hava limanına düşən mərmi İranın deyil, ABŞ-yə məxsus “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminin raketi olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Hüseyn Mohebi məlumat verib.
SEPAH rəsmisi rəsmi Tehranın mülki obyektləri hədəf almadığını, hava limanında baş verən dağıntıların birbaşa ABŞ ordusunun səhvi ucbatından yaşandığını bildirib:
“Küveyt hava limanının sərnişin terminalının dağılması ABŞ-nin “Patriot” sistemlərinin xətası nəticəsində baş verib. Amerika HHM sistemləri İran raketlərini zərərsizləşdirməyə uğursuz cəhd göstərdikdən sonra onların raketləri sözügedən terminalın üzərinə düşüb”.
Qeyd edək ki, iyunun 3-ü səhər saatlarında İranın pilotsuz uçuş aparatları (PUA) və raketlərlə Küveyt hava limanına zərbələr endirdiyi, nəticədə limanın fəaliyyətini dayandırdığı barədə xəbərlər yayılmışdı. Küveyt Müdafiə Nazirliyi hücum nəticəsində ciddi maddi ziyanın dəydiyini və bir neçə nəfərin yaralandığını bəyan etmişdi.
Tehran tərəfi isə Küveyt və eyni vaxtda hədəf alınan bəzi digər region ölkələrinin öz ərazilərini İrana zərbələr endirmək üçün ABŞ ordusunun ixtiyarına verdiyini əsas gətirərək bu addımları atdığını gizlətmir.
Xatırladaq ki, Körfəzdə gərginliyin pik həddə çatdığı bu günlərdə İran daha əvvəl Dubay hava limanına da zərbələr endirdiyini rəsmən bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər