ABŞ administrasiyası İranla əldə olunmuş atəşkəsin “ən azı müvəqqəti olaraq dayandırıldığını” açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə CNN-ə Ərəbistan dənizinin şimalında yerləşən “USS Abraham Lincoln” aviadaşıyıcısında olan yüksəkvəzifəli ABŞ rəsmisi məlumat verib.
Rəsminin sözlərinə görə, İran ətrafındakı vəziyyət son dərəcə dinamik olaraq qalır və elan edilən zərbələrlə kifayətlənməyə bilər.
O bildirib ki, ABŞ ordusu yüksək hazırlıq vəziyyətindədir və yeni əməliyyatların keçirilməsi istisna edilmir.
Məlumata görə, son zərbələr zamanı ABŞ qüvvələri, əsasən, ABŞ hərbi obyektlərinə qarşı istifadə oluna biləcək raket və pilotsuz uçuş aparatlarını hədəfə alıb.
ABŞ, eyni zamanda, Hörmüz boğazı ətrafında gəmiçiliyə təhlükə yarada biləcək hərbi obyektlərə də zərbələr endirib. Rəsmi bildirib ki, həm qurudan, həm də dənizdən həyata keçirilən əməliyyatlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin imkanlarından istifadə olunub.
Hazırda “USS Abraham Lincoln” gəmisində aparılan fəaliyyətlərin, əsasən, müdafiə xarakteri daşıdığı vurğulanıb. Bildirilib ki, aviadaşıyıcı həm Hörmüz boğazına nəzarət, həm də bölgədə mümkün blokada cəhdlərinə qarşı fəaliyyət göstərmək üçün istifadə oluna bilər.
Bununla yanaşı, hadisələrin inkişafından asılı olaraq hücum xarakterli yeni əməliyyatların da istisna edilmədiyi qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İranla imzalanmış anlaşma memorandumunun “bitdiyini” bəyan etmiş, bununla yanaşı, sülh danışıqlarının davam etdirilə biləcəyini söyləmişdi.
Son xəbərlər
Son Xəbərlər