İtaliya mediasında “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Sara Əzimovanın Prezident İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsinə həsr olunmuş “İlk söz, ilk görüş - jurnalistlərlə” sərlövhəli məqaləsi dərc edilib.
“Qafqazinfo” xəbər verir ki, məqalə “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino tərəfindən yerləşdirilib.
Məqalədə dövlət-media münasibətləri geniş şərh olunur, bu baxımdan ilin ilk iş günündə Prezident İlham Əliyevin jurnalistlərlə ilk görüşü və söylədiyi ilk sözlərin cəmiyyətə verilən mühüm mesaj olduğu vurğulanır. Görüşün artıq Azərbaycan mediası üçün formalaşmış müsbət ənənənin davamı olmaqla yanaşı, dövlət başçısının cəmiyyətlə açıq, şəffaf və birbaşa ünsiyyətinin bariz nümunəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin çıxış və müsahibələrində Azərbaycanın gələcəyi ilə bağlı məqsədyönlü strategiya, aydın baxış və dəqiq yol xəritəsi öz əksini tapdığını qeyd edən müəllif dünyada cərəyan edən mürəkkəb proseslərin obyektiv təhlili, risklərin və imkanların düzgün qiymətləndirilməsi, təcrübə və analitik əsaslarla verilən proqnozlar dövlət başçısının siyasi uzaqgörənliyini bir daha təsdiqlədiyini diqqətə çatdırır.
Yazıda qeyd edilir ki, Prezidentin yerli mediaya verdiyi müsahibələr hər il ölkənin daxili və xarici siyasətinin yekun mənzərəsini ortaya qoyur, baş vermiş mühüm hadisələr, regiondakı və qlobal miqyaslı proseslər barədə geniş məlumat verir. Dövlət başçısı müsahibələrində bütün mövzuları ən xırda detallara qədər əhatə etməklə, həm dərin məlumatlılığını, həm də yüksək siyasi erudisiyasını nümayiş etdirir. Bu yanaşma, ölkənin strateji məqsədlərinə aydınlıq gətirməklə yanaşı, cəmiyyətin dövlət siyasətinə inamını da gücləndirir.
Son xəbərlər
Son Xəbərlər