Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Həziyev 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü ilin iyulun 23-ü Füzulinin Çuvarlı kəndində müdafiə etdikləri döyüş postunda iki döyüş yoldaşı ilə birgə şəhid olub. Şəhidlər həmin postun ərazisində, əsir düşmüş 6 nəfər silahdaşının erməni silahlılarının məcburiyyəti ilə basdırılıb. 1994-cü ildə Füzuli Rayon Məhkəməsinin qərarı ilə ona şəhid statusu verilib, lakin nəşi tapılmayıb.
Əsirlikdən qayıtmış 3 nəfər silahdaşının verdiyi məlumatlar əsasında məzar yerinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində 2025-ci ilin dekabr ayında basdırıldığı ərazidə qalıqları aşkarlanıb. Ekspertiza prosesindən sonra, 2 may 2026-cı il tarixində şəxsiyyətinin müəyyən olunması ilə bağlı ailəsinə rəsmi məlumat verilib.









Son xəbərlər
Son Xəbərlər