“Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video

toy-ozluyunde-azerbaycan-medeniyyetine-reqib-deyil
Oxunma sayı: 1023

Mədəniyyət naziri Adil Kərimli Mirşahin Ağayevin müəllif və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində bir çox suallara aydınlıq gətirib.

“Qafqazinfo” nazirlə müsahibəni təqdim edir:

- Adil müəllim, ana südü və mədəniyyət arasında hansı rabitəni görürsünüz?

- Mədəniyyət özü həyatın başlanğıcı ilə formalaşır və insanı ta ki ömrünün sonuna qədər müşayiət edən bir prosesdir. Ana südü insanı qidalandırır. Mədəniyyət də insanı qidalandırır və onun genetik kodlarına keçir.

Ana südü ilə insan qidalanırsa, artıq onun verdiyi qüvvə, onun verdiyi enerji, onun verdiyi hisslərlə formalaşır. O da başa çatır, böyüyür. Mədəniyyət də elədir. Ona görə onlar birbaşa əlaqədədir. Və bizim qanımıza da ana laylası ilə keçir.

- Bəli, ana laylası ilə insan anadan olduğu andan mədəniyyətin özü ilə qarşılaşır. Bir halda ki, qidalanmanı ana laylası ilə alır insan, onda növbəti sual təbii ki, bu olacaq: Azərbaycan nə qədər mədənidir bu gün və Mədəniyyət Nazirliyi yumşaq güc strukturu olaraq nə qədər güclüdür?

- Mədəniyyət Nazirliyi güclüdür. Çünki bu gücü Azərbaycan mədəniyyətinin daxili enerjisindən, onun zənginliyindən alır. Tarixən bu ərazilərdə, bu torpaqlarda bu millətin, bu xalqın yaratdığı dərin, məzmunlu mədəniyyət var və o mədəniyyət daim dövlətimizi, millətimizi qidalandıraraq gücləndirib və bugünkü müstəqil, qüdrətli Azərbaycan dövlətçiliyinin təməlini təşkil edib.

- Siz çox unikal bir quruma rəhbərlik edirsiniz. Siz həm rəqiblərlə işləməli, həm şərait yaratmalı, həm də özünüz rəqabət aparmalısınız. Mədəniyyətin ən ciddi rəqibi isə adətlərdir. Eyni zamanda Mədəniyyət Nazirliyi adətləri də qoruyur. Bu gün Azərbaycanda toy mədəniyyəti klassik mədəniyyətin mühüm rəqiblərindən birinə çevrilib. Hətta belə demək olar ki, toy əsas “driver”dir. İşsiz aktyorlar, müğənnilər, musiqiçilər, hətta dron operatorları belə oradadır. Belə bir vəziyyətdə Azərbaycan mədəniyyətini Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev yoluna qaytara biləcəyikmi?

- Toy mədəniyyəti özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil. Əksinə, onun çox zəngin bir hissəsidir. Azərbaycan toy adətləri hətta beynəlxalq səviyyədə öyrənilən bir sistemdir. Biz toy mədəniyyətini incəsənətin yaşadığı bir platforma kimi dəyərləndirməliyik. Bu baxımdan toylar sənətin təbliğ olunduğu bir mühit ola bilər.

Sadəcə, peşəkar və qeyri-peşəkar sənət fərqləndirilməlidir və cəmiyyətə düzgün təqdim olunmalıdır. Cəmiyyətdə müxtəlif zövqlər olacaq, monozöv mümkün deyil. Əsas məsələ insanlara yaxşı ilə pisi ayırd etməyi öyrətməkdir. Düzgün yanaşma olduqda cəmiyyət öz seçimlərini daha sağlam şəkildə edəcək.

Daha ətraflı videomüsahibədə: