Mahnısına görə məhkəməyə çıxarıldı

mahnisina-gore-mehkemeye-cixarildi
Oxunma sayı: 1737

Türkiyəli məşhur müğənni Mabel Matiz “Perperişan” mahnısının sözlərində ədəbsiz ifadələrdən istifadə edildiyi iddiası ilə məhkəmə qarşısına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, barəsində 3 ilə qədər həbs cəzası tələb olunan müğənnidən məhkəmə iclasında mahnının kişi üçün yazılıb-yazılmadığı soruşulub.

“Mabel Matiz” səhnə adı ilə tanınan müğənni Fatih Karacanın işi İstanbul 54-cü Birinci İnstansiya Cinayət Məhkəməsində araşdırılıb. İddialara görə, “Perperişan” mahnısının sözlərində ədəbsiz təsvirlər yer alır və yaş məhdudiyyətinin olmaması səbəbindən uşaqlar üçün təhlükə yaradır.

O müdafiəsində bildirib ki, mahnını təxminən bir il yarım əvvəl yazıb və əsər xalq ədəbiyyatından ilhamlanıb:

“Bu mahnı sosial mediada şişirdildiyi kimi yozulmamalıdır. Bədii mövqeyim aydındır. Uşaqlar və gənclər mənim üçün çox önəmlidir. Mahnıda istifadə olunan ifadələr xalq ədəbiyyatında fərqli mənalar daşıyır və dolayı cinsi məna ehtiva etmir. Bu, ehtiraslı bir aşiqin sevgisinin böyüklüyünü ifadə edir”.

Hakimin mahnının kişi üçün yazılıb-yazılmadığı ilə bağlı sualına isə Karaca belə cavab verib:

“Bu sualı üzücü hesab edirəm. İnanıram ki, hər kəs mahnılarımı hər kəs üçün oxuya bilər”.

Məhkəmə mahnının ədəbsiz olub-olmadığını müəyyənləşdirmək üçün Yetkinlik Yaşına Çatmayanların Zərərli Nəşrlərdən Müdafiəsi Şurasından rəy alınmasına qərar verib. Ehtiyac yaranacağı təqdirdə Ailə və Sosial Siyasətlər Nazirliyinə də məlumat veriləcək. Növbəti iclas 27 mart 2026-cı il tarixinə təxirə salınıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə qeyd olunur ki, “Perperişan” mahnısının sözləri dolayı yolla cinsi istəyi təhrik edir, erotik metaforalar ehtiva edir və yaş məhdudiyyəti olmadan açıq platformalarda yayımlandığı üçün uşaqların müdafiəsi baxımından risk yaradır.

Prokurorluq Fatih Karacanın “ədəbsiz materialların dərcinə kömək etmək” maddəsi üzrə 6 aydan 3 ilə qədər həbs cəzasına məhkum edilməsini tələb edir.