Bəs ölkə mediasının kapitanları, aparıcı fiqurları bu tədbiri necə dəyərləndirirlər?
“Qafqazinfo” “Yeni Müsavat”a istinadən media kapitanlarının sözügedən mövzu ilə bağlı həm vətəndaş, həm də peşəkar mövqelərini təqdim edir:

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, gözlədiklərinin əksinə olaraq, onlara bu “reklam piroqu”ndan heç balaca bir pay da düşməyib. Müsahibimizin sözlərinə görə, ölkə daxilində bu tədbirin reklamına az diqqət yetirilir: “Mənim izlədiyim "Euronews", Türkiyə mediası, Rusiya mediasında, başqa xarici elektron KİV-lərdə bunun reklamı yayılmaqdadır. Qibtə olunacaq, intensiv şəkildə reklamlar yayılır. Bu reklamlara on milyonlarla dollar vəsait ayrılıb. Yaxşı olardı ki, yerli KİV-lər olaraq bunun reklamından faydalanaydıq, ölkə ictimaiyyətinə bu mühüm tədbirin daha dərin çatdırılması prosesində yardımçı olaydıq. Buna böyük ehtiyac var hazırda. Ölkədə nə baş verirsə, bunu Avropa Oyunları ilə bağlamağa çalışırlar. Hansı ki, mən hesab edirəm ki, belə deyil”.
R.Arifoğlunun sözlərinə görə, Avropa Oyunlarının reklam payından onlara heç nə düşməsə də, vətəndaş, ölkə mənsubu kimi bu tədbirin çox yaxşı hazırlanmış bir fürsət olduğunu düşünür: “Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etməsi, yüksək səviyyədə reklam kampaniyasının hazırlanması bizi qürurlandırır. Ölkəmdə belə bir tədbirin keçirilməsi həm də ona görə mənimçün əlamətdar haldır ki, əsasən Bakı və Azərbaycan haqda xaricdə tamamən yanlış məlumatlar verilməkdə, yayılmaqdadır. Bura gələnlər həm də ona görə təəccüblənirlər ki, bura tipik Avropa şəhəri imiş. Burda gerilikçi bir hal yoxdur, müharibə yoxdur. Elə dostumuz, xarici qonağımız var ki, onlar bizə sonra anladırlar ki, onlarda daha öncə sanki Bakı İraqın şəhərlərindən biriymiş kimi təəssürat formalaşıbmış”.
“Yeni Müsavat”ın baş redaktoru dedi ki, bu baxımdan sözügedən tədbirin Azərbaycan və paytaxtımız üçün əlamətdar hadisə olduğunu düşünür. “Eurovision” tədbirinin keçirildiyi "Kristal Hall"dan Avropa Oyunlarının keçiriləcəyi Koroğlu metrosunun yanındakı əsas stadiona qədər, oradan da hava limanınacan davam edən zolağın tamamilə dəyişdiyini deyən müsahibimiz bunu sevindirici hal kimi qiymətləndirdi: “Dünyanın modern şəhərləri ilə yarışacaq bir zolaq halına gəlib. Bu da bizi çox qürurlandırır. Çünki bu torpaq üzərində tikilən nə varsa bizə qalır”.
Qafqazinfo.az saytının baş direktoru Elbrus Ərud isə hesab edir ki, hələlik Azərbaycanda bu barədə ancaq təsəvvürlər etmək mümkündür. Onun fikrincə, bizim belə bir təcrübəmiz, yaşantımız daha öncə olmadığı üçün tədbirin buraxdığı izlər barədə düşüncələri ondan sonra açıqlamaq mümkündür: “Amma bütünlükdə bütün Azərbaycan cəmiyyətində, dünyada, Avropada, hökumətlərdə, federasiyalar arasında bu oyunlarla bağlı belə fikirlər, ictimai rəy var ki, bu, Azərbaycan tarixinə düşə biləcək və ilk belə hadisədir. Bu, özlüyündə mühüm hadisədir. Bu tədbirin əhəmiyyətini artıran detallardan biri isə budur ki, bununla bağlı artıq Azərbaycana qarşı aqressiya, beynəlxalq təzyiq də artıb. Bu diqqət özünü təzyiqin səviyyəsində göstərir. Sıradan tədbir deyil. Bu tədbirin gözəlliyi onun ilkliyindədir. Birincilik Azərbaycanın payına düşür”.
E.Ərud hesab edir ki, insanların hansı cəbhəni təmsil etməsindən asılı olmayaraq, Avropa Oyunları məsələsində vətənpərvərlik prizmasından çıxış etməsi vacibdir. “Azərbaycan cəmiyyəti sınaq qarşısındadır” deyən baş redaktora görə, bizim xaricdən qonaq qəbul etməyə hazır olub-olmamağımız bu tədbir zamanı bəlli olacaq: “Təəssüf ki, bəzi qruplarda bu, iqtidarın tədbiri kimi qəbul edilir. Biz jurnalistikanın və dünyanın içindəyik. Bilirik ki, iqtidarın tədbiri deyil. Dövlət olaraq belə mötəbər tədbir bizim payımıza düşüb. Daha yüksək səviyyədə bu oyunu keçirmək lazımdır. Şəxsən öz əhvalımda, proqramımda dəyişiklik hiss edirəm. Hətta hər gün küçələrin dəyişdiyini, prospektlərin yeniləndiyini, toplum, köklü olaraq hər yerdə bir hazırlıq getdiyini görüb sevinirsən. Ağlıma gəlməzdi ki, Ziya Bünyadov prospekti Heydər Əliyev prospektindən də gözəl ola bilər. Təsəvvür etməzdim ki, o prospektdə təmir nə zamansa bitə bilər. Dünən oradan keçmişəm, ağlım başımdan çıxmışdı. O stadionun özü belə necə də gözəldir. Nə vaxta qədər biz xaricdəki stadionlara həsrətlə baxmalıyıq? Bizim özümüzün də belə arenalarımız olmalıydı və oldu”.
Baş redaktor onu da dedi ki, yaxın 1 ayda oyunlara görə yollarda bir qədər narahatçılıq yaşana bilər. Müsahibimizin fikrincə, məişət narazılığını bir kənara qoyub, məsələyə qlobal yanaşmaq lazımdır.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da hesab edir ki, Azərbaycanın hansısa beynəlxalq yarışa ev sahibliyi etməsi yaxşı haldır. Onun fikrincə, bu, sözdə yox, əməldə imicin yaxşılaşdırılmasına xidmət etməlidir: “Dünya mətbuatına baxın, xarici jurnalistlər üçün olimpiada bir kənarda qalıb, həbsdə olan məhbuslardan yazırlar. Belə bir tədbir olimpiadadan çox Azərbaycanın bu cür tanınmasına xidmət etdi. Arzu edərdim ki, hökumət siyasi məhbusları azadlığa buraxsın. Heç olmasa prosesin bundan sonrakı mərhələsində - Azərbaycanla bağlı yazılarda, yaradılan infrastrukturla bağlı yazılar yazılsa da, insan hüquqlarının vəziyyəti, siyasi məhbuslar məsələsi də qabardılır. Başa düşə bilmirəm ki, hansı məntiqlə buna gedirlər. Şəxsi prinsiplər niyə bu qədər önə çəkilir”.