“Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi”

men-mektebde-oxuyanda-da-pul-yigmaq-hallari-var-idi
Oxunma sayı: 4889

“Məktəblərdə hansısa yığımların olması qeyri-qanunidir. Bu, bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə hallar var idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, məktəbdə Müəllim-Valideyn Assosiasiyasını yaratmaq hüququ Azərbaycan qanunvericiliyində var: “Bir qisim valideynlərin bu prosesdə iştirakının lehinə ola bilər, bir qisim yox. 

Bu assosiasiyanı Təhsil Nazirliyi yaratmayıb. Kiminsə uşağı buna görə dərsə gəlməməlidir deyə bir şey yoxdur. Valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır. Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.

***

Təhsil naziri Emin Əmrullayev həmçinin əlavə edib ki, təhsilimiz inkişaf etdikcə, valideynlərin və ictimaiyyətin təhsilin inkişafında hansı rol və hansı vəzifələr daşıması çox ciddi müzakirə olunmalı mövzudur. Məktəblərdə hansısa yığımların olması qeyri-qanunidir:

“Bununla bağlı ictimaiyyətin narahatlıqlarının olması bugünün mövzusu deyil, hətta mən məktəbdə oxuyanda belə bu məsələlər var idi. Bu bizim cəmiyyətimizin xroniki problemidir. Məncə bir neçə sualı cavablandırmağa çalışmalıyıq. Mən əminəm ki, bu açıqlamadan sonra siz nəsə yazacaqsınız və buna uyğun olaraq xeyli reaksiyalar olacaq. Ümid edirəm bu reaksiyalar konstruktiv olacaq, sualın cavabı haqqında olacaq və kimisə söyməklə bağlı olmayacaq. Çünki söymək problemi həll etmir, biz isə problemə həll axtarırıq”. 
Nazir bu məsələ ilə bağlı bir neçə sualın cavablandırılmalı olduğunu deyib:

“Mənim verdiyim aşağıdakı suallar var. Mən bu sualların cavabından asılı olaraq bu və ya digər dövlət siyasətinin formalaşmasına tərəfdaram. Təbii ki, bunu ictimaiyyət müəyyən etməlidir. Hər bir seçimin özünəməxsus müsbət və mənfi tərəfləri var. Bir format bundan ibarətdir ki, valideynlər ümumiyyətlə, məktəbin idarəetməsində yaxından iştirak etmirlər. Yəni, valideyn deyir ki, mən öz övladımı verirəm dövlətə, xahiş edirəm, hər şeyi siz edin. Mən səhər 8-də uşağı gətirib 2-də oradan götürüm. Bu bir modeldir. Sosialist rejimində də hər şey təxminən belə idi. Biz buna qayıtmaq istəyirikmi? Bu o deməkdir ki, həmişə dövlətin hamı üçün hər şey etmə imkanları yoxdur. İcbari təhsil təbii kimi pulsuzdur. Təəssüf ki, biz açıq ictimai müzakirəyə başlayanda müzakirələrdə olan fikirlər təhrif olunur və tamamilə başqa istiqamətə gedir. Misal üçün mən bir dəfə məktəblərimiz şəffaf qaydada “fundraising”lə məşğul ola bilərmi? Və bu fikirlər təhrif olundu və “feedback” bu oldu ki, “yeni nazir müasir texnologiyaların altında gizlənərək məktəblərdə rüşvətxorluğu təşviq edir”. Mən rüşvətxorluğu təşviq etmirəm və bunun əlayehinəyəm”. 

Nazir əlavə edib ki, vətəndaş istəyirsə, bütün vergiləri ödəyəndən sonra əlində olan 1 manatını məktəbə vermək hüququnun olub-olması müzakirə oluna bilər.  “Bu pisdirmi, ayıbdırmı, günahdlırmı? Bu pisdirsə, biz deməliyik ki, vətəndaş bunu etməməlidir. Mümkündürsə, cəmiyyət olaraq onu qəbul ediriksə, sağlam sistem fikirləşməliyik. Vətəndaş əlindəki əlavə, arzu etdiyi 1 manatı özünün və ya digər insanların daha yaxşı təhsili üçün xərcləmək hüququnu tanıyaq və icra edək. Bu konstruktiv mövqedir, bir qisim deyə bilər ki, bunu etmək olmaz və izah etməlidir niyə olmaz. Digər qisim isə deyə bilər ki, bunu etmək olar. Amma bu zaman bizim bununla bağlı mexanizmimiz yoxdur. Gəlin bu mexanizmi yaradaq”. 

Emin Əmrullayev bildirib ki, cəmiyyətə bununla bağlı da növbəti mərhələdə bir neçə seçim təkilf edə bilər. Bu məsələnin müzakirəsi bu platformada aparılmalıdır: “Biz deyiriksə ki, məktəblərdə pul yığılır, burada qanun pozuntularından danışılırsa, bu o zaman olur ki, qayda yoxdur. Ya qayda deməlidir ki,  bu mümkün deyil, qadağandır,bu halda biz başa düşərik ki, məktəbə əlavə resurs gəlmir. Təhsil elədir ki, orada nə qədər çox resurs gəlirsə, bir o qədər nəticələr yaxşı olur. Əlavə bir manatın əlavə dəyəri var. Mən razıyam ki, bu qayda çərçivəsində olmalıdır, şəffaf olmalıdır. Valideynin istəyi əsasında olmalıdır. Cəmiyyət kimi biz bu mexanizmi razılaşdırmalıyıq. Kim istəmirsə bunda iştirak etməməlidir və iştirak etmirsə, bu barədə fikir bildirməməlidir”. 

Gülnar Əliyeva