Meyiti oğlunun ad günündə tapılıbmış... - Fotolar

meyiti-oglunun-ad-gununde-tapilibmis
Oxunma sayı: 10776

“Kaş Kəlbəcər geri qaytarılaydı və məni atamın yanından basdırardılar. Mən bilirəm ki, onsuz da dənizdə batıb gedəcəm”.

Bu sözləri dekabrın 28-də dəfn olunan “Günəşli” yatağındakı qəzanın qurbanı, neftçi İman Qasımov hələ 10 il bundan öncə oğlu İslamla söhbətində deyibmiş.

“Qafqazinfo” modern.az-ın neftçinin yas mərasimindən hazırladığı reportajı təqdim edir:

Doğma yurdu Kəlbəcər həsrəti ilə alışıb-yanan neftçi İmana işğal altındakı dədə-baba torpaqlarını yenidən görmək qismət olmadı. Həyatda ən çox istəyi yenidən Kəlbəcərə gedib, orada – Kilsəli kəndindəki ev tikmək idi. Amma amansız ölüm neftçi İmanın bu arzusunu gözündə qoydu.

4 dekabr tarixində Xəzərin dalğalarına qərq olub itkin düşən İman Qasımovun cansız bədəni 24 gündən sonra tapıldı. İman bu “gəlişi” ilə ailəsinin, yaxınlarının, dostlarının qəlbinə dağ çəkib.

Bu gün Qaradağın Lökbatan qəsəbəsində İman Qasımovun yas çadırı qurulmuşdu. Ailəsi və yaxınları bu acı həqiqəti qəbul etməkdən başqa heç nə edə bilmirdilər.

İmanla vida mərasimi səhər saatlarından başlamışdı. Yaxınları, əzizləri bu acı həqiqətlə - İmanın vaxtsız ölümü ilə barışmaq istəmirdilər. Bununla belə, yas mərasimindəki insanların hamısında həm də sanki bir təskinlik vardı. Bu da digər 22 itkin neftçidən fərqli olaraq, İmanın meyitinin tapılmasıydı. Məhz buna görə də ağsaqqallar mərhumun yaxınlarına özlərinə bir qədər toxtaqlıq verməyi məsləhət görürdülər ki, “heç olmasa gözünüz yollardan yığıldı”. Ağsaqqalların sözündə bir həqiqət payı vardı: meyitin tapılmağı itkin olmaqdan daha yaxşı idi. Heç olmasa İmanı yad etməyə bir yeri, bir məzarı olacaqdı.

İmanın böyük oğlu İslam Qasımov söhbətində dedi ki, atası tapıldığı dünənki gün, yəni 27 dekabr onun doğulduğu tarix imiş...

Taleyin işinə bax: uzun müddət dənizdə axtarışı aparılan İman Qasımov məhz oğlunun doğulduğu gündə ailəsinin yanına “gəlib çıxa bildi”. Baxmayaraq ki, bu gəliş o gəlişdən deyildi.

İslam artıq bundan sonra hər il öz ad günündə qəmli-qüssəli olacağını, atasızlığın tamını bir daha dadacağını deyirdi.

Atasının itkin düşməsindən sonra hər gecə Allaha dua edən İslam sonuncu dəfə onun üzünü görməyi arzulayırmış:

“Atam itkin düşən gündən etibarən hər gün gecə Allaha dua edib yalvarırdım ki, heç olmasa yuxuda üzünü görüm. Atam itkin düşəndən sonra yuxuda onun evə gəldiyini gördüm. Yuxudan dəli kimi oyandım və bütün otaqlara baxmağa başladım. Elə bilmişdim ki, doğrudan da qayıdıb gəlib. Ancaq özümə gələndən sonra anladım ki, bunların hamısı bir yuxu imiş...”.

O məlum hadisədən sonra həyat yoldaşı Arzu Qasımova da İmanı yuxuda görüb. İmanın oğlu deyir ki, atası anasına yuxuda özünə “Yasin” oxutdurmağı istəyib:

“Atam itkin düşəndən sonra anam onu yuxuda görüb. Gəlib anamın başının üstündə dayanıb və deyib ki, “Arzu mənə “Yasin” oxutdurarsınız”. Anam o yuxudan sonra dedi ki, artıq atamın sağ qalmağına inanmır”.

27 il İman Qasımovla bir yerdə işləyən, həm də İmanın ən yaxın dostu olan Gümrah da həmsöhbət olub:

“Qardaşdan da artıq olmuşuq. Sonuncu dəfə İmanın səsini noyabrın 25-də eşitdim. İstirahətə çıxandan sonra görüşəcəkdik. Mən dənizə noyabrın 25-i çıxmışdım, İman isə noyabrın 22-si. Sonuncu dəfə səsini hadisə baş verən gün rabitə əlaqəsində eşitdim. O danışıqdan yarım saat sonra isə hadisə baş verdi. İmanla yadda qalan xatirələrimiz çoxdur. İndi onları yada salanda qəhər məni boğur”.

İmanın böyük qardaşı Rafiq Qasımov mərhumun bu dünyadan nakam getdiyini deyir:

“İmanın ən böyük arzusu bu idi ki, Kəlbəcə getsin. Deyirdi ki, Allah qoysa Kəlbəcərə gedib orada ev tikəcəyik. İmanla aramızda 1 yaş fərq olduğundan tay-tuş kimi olmuşuq. Heyif ki, İman bu dünyadan nakam getdi. Arzuları gözündə qaldı”.

Xatırladaq ki, mətbuatda İman Qasımovun ölümündən əvvəl həyat yoldaşı Arzu xanıma "Arzu, salamat qal. Uşaqlara mənim əvəzimdən böyüklük elə" mesajı yayılmışdı.