Müharibə veteranı olan “Neftçi”nin xilaskarı - ÇL-də “Real”ı udmuşdu

muharibe-veterani-olan-neftcinin-xilaskari
Oxunma sayı: 862

Ötən gün “Neftçi” 2 ildən sonra avrokuboklara vəsiqə əldə etdi.

“Qafqazinfo” xəbər verir ki, “ağ qaralar” “Sabah” üzərində 2:1 hesablı qələbə qazanaraq bu mövsüm Azərbaycanı qitə arenasında təmsil edəcək 4-cü komanda oldu. 

“Neftçi”nin bu uğurunun əsas səbəbkarı isə təbii ki, ukraynalı mütəxəssis Yuri Vernidubdur. O, 2025-ci il dekabrın 9-da Bakı klubunun baş məşqçisi təyin olunub. Həmin vaxt Samir Abasov komandadan istefaya göndərilmiş, “Neftçi” isə mövsümün ilk yarısını 8-ci pillədə başa vurmağa yaxınlaşmışdı. 

Komandanın hesabında cəmi 16 xal var idi. “Neftçi”nin problemi təkcə məşqçi deyil, həm də futbolçular idi. Oyunçu keyfiyyətinin aşağı olması avrokubok ümidlərini də azaldırdı. Həmin vaxt “Neftçi”nin ən sadiq azarkeşləri isə möcüzəyə inanmırdı.

Xəbəri rus dilində oxuyun: “Нефтчи” возвращается в еврокубки: фактор Вернидуба

Vernidubun gəlişindən sonra isə komanda ardıcıl 7 məğlubiyyətsiz oyun keçirir,  4 qələbə qazanır və 3 heç-heçə edir. Bu isə artıq “ağ qaralar”ın tərəfdarlarında da avrokubok ümidi oyadır. 

Ümumilikdə isə komanda 12 qələbə qazanıb, 4 heç-heçə edib və cəmi 2 dəfə uduzub. Bu qələbələrin içərisində “Sabah” və “Qarabağ” kimi komandalar da məğlubiyyətə uğradılıb. 
Vaxtilə “Şerif”lə (Tiraspol) Avropada tarix yazan, Çempionlar Liqasının qrup mərhələsinin səfər matçında Madrid “Real”ını 2:1 hesablı məğlubiyyətə uğradan Vernidub Azərbaycanda da möcüzə kimi bir işin öhdəsindən gəlir. Azərbaycanın ən tarixi klubunu Avropa Liqası səhnəsinə qaytarır. 

Y.Vernidubun “Neftçi”yə təyinatı hələ 2 il öncə müzakirə mövzusu idi. Lakin ukraynalı çalışdırıcı həmin vaxt təklifi geri çevirmişdi. O, ölkəsində müharibə getdiyi üçün hərbi xidmətə yollanmış və vətənini müdafiə etmək istədiyini bildirmişdi. 2022-ci il fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlayanda Y.Vernidub “Şerif”in baş məşqçisi idi. Həmin vaxt o, Moldovadan Ukraynaya yollanır və vətəninin müdafiəsinə qalxır. Ukrayna Silahlı Qüvvələrinə qoşulur və Dnepr istiqamətində əsgərlərin silah təminatı üçün çalışır. 

Məşqçi sonradan verdiyi müsahibədə bu qərarın şəxsi seçimi olduğunu bildirib: “Bu mənim seçimim idi. Düşünürəm ki, yaxşı tərbiyə almışam”.

O, müharibənin ilk günlərində Portuqaliyada Avropa Liqası oyunu üçün olduqlarını, oğlundan hücum xəbəri aldıqdan sonra isə dərhal Ukraynaya qayıtmaq qərarı verdiyini deyib. Vernidubun sözlərinə görə, o, təxminən 3,5 ay aktiv hərbi xidmətdə olub.

Daha sonra Vernidub Ukraynanın “Kryvbas Kryvyi Rih” klubunun baş məşqçisi təyin olunur və müəyyən dövrdə məşqçilik fəaliyyəti ilə hərbi xidməti paralel davam etdirir. Daha sonra isə “Neftçi”dən gələn təklifi dəyərləndirir və Azərbaycana gəlir.

Bu mövsüm qazanılan uğur komandanın növbəti mövsüm çempionluq mübarizəsində olacağına böyük ümidlər yaradır. Uzun illər Azərbaycan çempionatında əsas mübarizənin bəzəyi olan və avrokuboklarda ilk dəfə qrup mərhələsinə vəsiqə qazanaraq tarixə düşən “Neftçi”nin yenidən güclənməsi rəqabətə böyük maraq qatacağı şübhə doğurmur.

Elsevər Məmmədov