İtaliya hərbi polisi mart ayında Traversetolodakı “Fondazione Magnani Rocca” muzeyindən oğurlanmış üç tabloyu tapıb.
“Qafqazinfo” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları qiyməti milyonlarla avro olan sənət əsərlərini muzeyə qaytarıblar.
Məlumata görə, bərpa edilərək geri qaytarılan tablolar Pol Sezannın “Gilas qabı ilə natürmort” (təxmini dəyəri – 6 milyon avro), Pyer-Ogüst Renuarın “Balıqlar” (təxmini dəyəri – 3 milyon avro) və Anri Matissin “Terrasdakı xanım” (təxmini dəyəri – 20 min avro) əsərləridir.
Xatırladaq ki, muzeydə soyğunçuluq hadisəsi bu il martın 23-nə keçən gecə baş verib. Belə ki, naməlum şəxslər Parma yaxınlığındakı villanın arxa darvazasının dəmir barmaqlıqlarını kəsərək əraziyə daxil olublar. Onlar cəmi bir neçə dəqiqə ərzində divardan üç qiymətli tabloyu çıxararaq aradan çıxıblar.
Qeyd edək ki, “Maniyani-Rokka” fondu Avropanın ən mühüm xüsusi incəsənət kolleksiyalarından biridir. Parma şəhərindən 17 km aralıda yerləşən həmin kolleksiya kolleksioner Luici Maniyaninin şəxsi kolleksiyası əsasında formalaşıb və İtaliyanın ən dəyərli incəsənət mərkəzlərindən biri hesab olunur.
Son xəbərlər
Son Xəbərlər