Nazir soydaşlarımızı niyə aldadır? - Səfər

nazir-soydaslarimizi-niye-aldadir-sefer-
Oxunma sayı: 696

Gürcüstanda yaşayan azərbaycanlıların üzündə bir qədim atalar sözü yazılıb. Bu söz o qədər aydın yazılıb ki, Bakıdan Borçalıya gedən istənilən adam onu oxuya bilər. Onların üzlərindən, gözlərindən “Uman yerdən küsərlər” oxunur ... Son illər az qala hər gün bizə nümunə kimi göstərilən qonşu Gürcüstana 34 nəfərlik gənc jurnalist heyəti ilə səfər etmişdik. Başqalarını deyə bilmərəm, amma mən Gürcüstanda olduğum iki gün ərzində ancaq həmin atalar sözünün kodunu açmağa çalışdım...

Çox qürurvericidir. Tiflisdə hər yerdə azərbaycanlıya rast gəlmək olar. Tiflisdə hər yerdə Azərbaycan dilində danışmaq olar və gürcülər bu zaman səni asanlılq başa düşər, üstəgəl sənə Azərbaycan dilində cavab da verərlər.

Amma çox üzücüdür ki... Soydaşlarımız Tiflisdə ziyalı təbəqəsinə hələ də daxil ola bilməyib. Azərbaycanın bünövrəsini qoyan bütün ziyalılarımız Tiflisdən hərəkətə başlasa da, həmvətənlərimiz Tiflisə girişə bilməyiblər...

İndi isə keçək onları bizdən küsdürən səbəblərə.

İki nazirin soyuq münasibəti və əziyyət çəkən əhali

“Azərbaycan Gürcüstanda yaşayan soydaşlarını dərsliksiz qoyub”. Bu sözləri azərbaycanlılar yaşayan kəndlərdə balaca uşaqdan tutmuş ziyalısı, millət vəkilinə qədər hamıdan eşitmək olar. İnanmaq bir az çətin olsa da, deyəsən bu həqiqətdir. Bizdən sadəcə dərslik istəyənləri illərdir gözü yolda qoyuruq.

Vəziyyət isə belədir. Öncə Gürcüstan hökuməti ölkəyə başqa dövlətlərin dərsliklərini qadağa qoysa da, daha sonra bu qadağa aradan qaldırılır və Azərbaycan dərsliklərinin Gürcüstana daxil olmasına izn verilir. Amma Azərbaycan tərəfi problemi həll etmir. Misir Mərdanovun birbaşa səlahiyyətində olan bu məsələ ilə bağlı Gürcüstandakı soydaşlarımızla yanaşı, ziyalılar da bir çox məmurlara müraciət etdiklərini bildiriblər. Nəticə isə belədir. Oktyabr ayı bitir, hələ də soydaşlarımız dərsliklərlə təmin olunmayıb.

Ziyalılar səbəb kimi Misir Mərdanovla gürcü həmkarı arasında soyuqluğun olmasını göstərirlər. İki nazirin xırda problemi, bu qədər vətəndaş üçün böyük əngələ çevrilib: “Misir Mərdanovun laqeydliyi bununla bitmir. O, Gürcüstana ötən il dekabrda gələndə biz dəfələrlə bu problemi ona demişik, o da həmişə “həll olunacaq” deyib. Daha sonra martda gəldi və yenə də “həll olunacaq” dedi.

“Üstübəzək, içi təzək olan məktəblər”

Yerli əhali məktəblərin təmirindən razı qaldıqlarını bunun üçün isə Heydər Əliyev Fondu və SOCAR-a minnətdar olduqlarını bildirsələr də, amma nə faydası... Həmin məktəblərdə nə kadr var, nə də dərslik.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov qeyd edir ki, çox təəssüflər olsun ki, vəziyyət ağırdır və məktəblilər köhnə dərsliklərdən çətinliklə istifadə edirlər: “Biz Misir Mərdanov başda olmaqla, Azərbaycan dövlətinin bütün rəsmilərinə müraciət etmişik. Hər dəfə 1 həftə gözləyin deyirlər”.

Fazil Həsənov Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin Azərbaycanda hazırlanıb göndərilməsinin zəruri olduğunu deyir: “Əvvəllər burda bir sıra universitetlər var idi ki, orada kadr hazırlamaq mümükün idi, indi isə elə bir baza yoxdur. Azərbaycan dili, ədəbiyyat müəllimini harda hazırlayaq? Əlbəttə, bunu Azərbaycanda etməliyik. Bizdə kadr çatışmazlığı səbəbindən idman, əmək müəllimləri başqa fənləri tədris edirlər. Biz Azərbaycandan başqa bir şey istəmirik. Miqrasiya və dərslik problemi həll olunsun, bəsdir”.

“Misir Mərdanovun ümidinə qalsa, burdakı təhsilimizdə batacaq”

Ziyalılar prezident İlham Əliyevdən Gürcüstandakı azərbaycanlıları unutmamağı xahiş edirlər: “Misir Mərdanovun ümidinə qalsa, burdakı təhsilimiz də batacaq. Biz bu cəmiyyətdə özümüzə yer tutmalıyıq. Hamıya məlumdur ki, Azərbaycanın diaspora fəaliyyətində problemlər var. Bizim gənclərimizə dəstək olmaq bu qədərmi çətindir?”

Həmyerlilərimizin problemi İvanişvili və Saakaşvilinin komandasını təmsil edən millət vəkillərini belə üz-üzə qoyub

İvanişvilinin komandasına daxil olan və parlament seçkilərində ilk dəfə millət vəkili seçilən Əli Məmmədov soydaşlarımızın problemlərində Saakaşvili hökumətini ittiham edib. O qeyd edib ki, azərbaycanlılar Sakkaşvilinin hökumətinə vergi ödəyiblər, elə isə problemlərin həlli üçün də onu günahkar bilsinlər. Saakaşvili onlar üçün nə edib? Heç nə.
Saakaşvilinin komandasından parlament seçkilərində növbəti dəfə deputat olan millət vəkili Azər Süleymanov isə bütün problemlərin hökumətdən asılı olmadığını bildirib.

Bağlanan Rusiya bazarının azərbaycanlılar üçün faciəsi

Millət vəkili Azər Süleymanov Rusiya bazarının azərbaycanlılara, həm də ermənilərə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan erməniləri bu çətinlikdən çıxarmağı bacarıb: “Ermənilər bunun üçün bir çıxış yolu tapsalar da, azərbaycanlılar hələ də əziyyət çəkir. Ermənilərin sıx məskunlaşdığı Cavaxidzedə (Cavaxetiya) Ermənistandan gəlmiş boş maşınlar, onların becərdiyi kartof və digər malları Gürcüstandan Ermənistana, oradan da Rusiyaya aparırlar və beləcə buradakı ermənilərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edirlər. Bolnisidə azərbaycanlılar 1 hektardan 60 ton kartof götürürlər, bazarları olmadığı üçün dəyər-dəyməzə satırlar. Ermənilərin daha bir özəlliyi isə odur ki, onlara adambaşına iki qara mal alıb verirlər və ermənilər azərbaycanlıları pendirlə təmin edir.

Diaspora, yoxsa icma?

“Gürcü arzusu”nun fəalı Mahir Dərziyev isə Gürcüstanda yaşayan azərbaycanlıların diaspora deyil, icma olduqlarını deyib: “Bizi burada diaspora adlandırırlar. Mən bununla razı deyiləm. Biz Gürcüstanda ən böyük icmayıq, gürcülərdən sonra ikinci yeri tuturuq. Təəssüf ki, Gürcüstan cəmiyyətində özümüzə layiq yerimizi tutmamışıq”.

Azərbaycan şirkətlərinin həmvətənlərimizə laqeydliyi

Məlum oldu ki, Gürcüstanda 500-ə yaxın şirkət Azərbaycanı təmsil edir. Onların içərisində təkcə SOCAR azərbaycanlıları işlə təmin edib. Yeri gəlmişkən yerli əhali burada SOCAR-ı ermənilərin gözünü çıxaran şirkət adlandırır.

Millət vəkili Azər Süleymanov azərbaycanlı şirkətdə 6 həmvətənimizi fəhlə işinə düzəldə bilmədiyini deyir: “Xahiş etdim ki, həmvətənlərimizi yer şumlamaq üçün bel işinə düzəldək, amma alınmadı”.

20 ildir burdan Azərbaycana gedən soydaşlarımız var, dilənçi vəziyyətində yaşayırlar. Bu sözlər isə keçmiş millət vəkili Hidayət Hüseynova məxsusdur.

O, sərhədin Azərbaycana məxsus hissəsində əhaliyə olan münasibətdən narazı olduğunu qeyd edib: “Yarım milyonluq azərbaycanlı öz vətənlərinə iş üçün gedirlər. Gürcüstan sərhədini 10 dəqiqəyə keçə bildiyin halda, Azərbaycan sərhədində 600 maşının durduğunu görürsən. Maşınları bir-bir yoxlayırlar ki, şirinlik verək. Bu gün Azərbaycan tərəfdən bizim başımıza oyunlar açıılır”.

Elə sərhəddən söz düşmüşkən Gürcüstana gedəndə hamı kimi biz də Azərbaycan sərhədində kobud, özündənrazı, sərnişinlərə yuxarıdan aşağı baxan məmurlara rast gəldik. Səhərin gözü açılmamış sərhədə çatsaq da, sərhədçilərimiz bizi xoş olmayan sifətlə qarşıladılar və doğurdan da qəsdən növbəyə düzmək, gözlətmək kimi vasitələrdən istifadə etdilər. Onlar öz işlərini belə izah edirlər: “Gürcüstanda qadın, kişi pasportu arasında heç bir fərq qoyulmur. Hansını versəniz keçə bilərsiniz. Biz isə hər şeyi diqqətlə yoxlayırıq”.

Tiflisdəki “Əhmədli” uşağı

Həmvətənlərimiz ümid edir ki, onlar tezliklə Gürcüstanda layiqli yerlərini tuta biləcəklər. Yetər ki, Azərbaycandan dəstək olsun.

Hə bir də Gürcüstandakı azərbaycanlılar təkcə Borçalı camaatından ibarət deyildi. Mən orada “Əhmədli” uşağı da gördüm...

Geri qayıdanda mən Gürcüstan haqqında bunları düşünürdüm. Gürcülərin qədim, kasıb, sakit, lakin rahat və qürur duyulası ölkələri, onun tıxac üzü görməyən Tiflis kimi paytaxtı var...

Günel Əbilova