Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
“Qafqazinfo” xəbər verir ki, tərtib edilmiş qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə nazir Məcnun Məmmədov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, aqrar sığorta, pambıq tədarükçüləri ilə bağlı məsələlər, torpaqların icarəyə verilməsi, suvarma suyu ilə təminat, və digər məsələlərlə bağlı olub.
Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
M.Məmmədov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.




Son xəbərlər
Son Xəbərlər