Nazirlər Kabineti söyüd kölgəsində...

nazirler-kabineti-soyud-kolgesinde
Oxunma sayı: 7149

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Brüsseldə çox vacib üçtərəfəli görüş var. Dövlət başçısı gecə-gündüz demədən ölkənin  taleyi ilə şəxsən məşğuldur. 

Ölkə rəhbərinin son bir həftəlik proqramına baxanda, onun istirahətsiz fəaliyyətinə şahidlik edirik. Məsələn, ötən gün Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşüb, ondan bir gün əvvəl İsrailin müdafiə nazirini qəbul edib, ondan əvvəlki gündə də həm, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib, həm də Nəbatət Bağında aparılan yenidənqurma işləri ilə tanış olub. 

Bundan bir gün öncəsində isə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirib. Prezidentin görülən işlərə birbaşa nəzarəti onun ciddi məsuliyyətindən xəbər verir. Ancaq təəssüflər olsun ki, bəzi iri ranqlı məmurlar Prezidentin bu məsuliyyətindən nümunə götürmək əvəzinə, daha ciddi səhvlərə, səhlənkarlığa yol verirlər.

Biz buna daha öncəki illərdə də şahidlik etmişik, indiki zamanda da. Dəyişən sadəcə, zamandır, işə, vəzifəyə münasibət isə görünür, eynidir.

Məsələn, 16 il ölkənin xarici siyasətindən sorumlu olan Elmar Məmmədyarovun ən vacib, ən önəmli məqamlarda səssiz rejimə keçməsini, Ermənistan ordusunun cəbhənin Tovuz istiqamətində təxribat törətdiyi bir anda dünyaya bununla bağlı car çəkməməsini, əvəzində isə evdən işlədiyini unutmuş deyilik.

2018-ci ildə ölkənin energetika sistemində dalbadal baş vermiş və bütün ölkəni işıqsız qoyan qəza fonunda da eyni situasiyanın şahidi olduq.

Gədəbəyin Söyüdlü kəndindəki olayların fonunda baş verənlər də bir daha göstərdi ki, əvvəlki hadisələrdən hələ dərs çıxarmayanlar var. Bu dəfə söhbət konkret olaraq Nazirlər Kabinetinin fəaliyyətindən, daha doğrusu fəaliyyətsizliyindən gedir.

Əgər ortada hər hansı bir fəaliyyət olsaydı, o zaman son keçirilən müşavirədə Prezident birbaşa məsələyə şəxsən müdaxilə etməzdi.

Dövlət başçısının həmin müşavirədəki çıxışına nəzər yetirək:

“Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram”. 

Bu çıxışda Prezident İlham Əliyev Nazirlər Kabinetinə bir həftə vaxt verir. Və bir həftə ərzində həm dövlət başçısına, həm də ictimaiyyətə məlumat verilməli, məsələ araşdırılmalı idi.

Müşavirənin səhəri günü  Ekologiya və Təbii Sərvətlər Nazirliyi media nümayəndələrini nazir Muxtar Babayevin iştirakı ilə keçiriləcək brifinqə dəvət edir. 

Nazir isə brifinqdə deyir ki, “Dünən Prezident tərəfindən çox haqlı iradlar səsləndirilib. Xüsusən ETSN-in bəzi sahələrdə nəzarətinin lazımi formada aparılmaması ilə bağlı iradlar var idi. Cənab Prezidentin bütün tapşırıqları icra olunacaq, lazımi qüvvələr mobilizasiya olunacaq. Biz çalışacağıq ki, belə hallar olmasın”.

Sual yaranır: Cənab nazir, bəs Prezidentin iradları səsləndirməsindən əvvəl nazirliyin ölkənin gündəmini zəbt edən məsələ ilə bağlı fəaliyyəti nədən ibarət olub? Hansı işləri görmüşdünüz? 

Sualın cavabı zatən Prezidentin məlum çıxışında öz əksini tapmışdı. Əslində, heç nazirin cavabına da ehtiyac yoxdur.

Brifinqdən sonra isə Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclası keçirilir. Birinci iclasdan 19 gün sonra...

Yalnız Prezidentin sərt mövqeyindən sonra ikinci iclasda Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilir. Bundan başqa, Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırır. Və bildirir ki, nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib. Halbuki Komissiyanın sədri Muxtar Babayev ilk hesabatı məhz Əli Əsədova vermişdi...

Təbii ki, son atılan addımlar, xüsusən də şirkətin fəaliyyətinin müvəqqəti dayandırılması Nazirlər Kabinetinin fəaliyyətinin nəticəsi deyil, bu, birbaşa ölkə Prezidentinin sərt mövqeyidir. Əslində, Nazirlər Kabinetinin həll etməli olduğu məsələyə Prezident qarışırsa, onda bu qurum niyə var?

Bəs dövlət büdcəsindən bu məmurlara niyə yüksək maaş ödənilir, lüks xidməti avtomobillər verilir?

Görünən odur ki, Nazirlər Kabinetində əyləşənlər Söyüdlünün yox, söyüd ağacanın kölgəsində dincəlmək hayındadırlar. İşlərində də kölgədə qalırlar, işdən kənar da...

Emin Səfərov