Türkiyədə daxili reyslərə aviabiletlər bahalaşdı

turkiyede-daxili-reyslere-aviabiletler-bahalasdi
Oxunma sayı: 1310

Türkiyə rəsmiləri ölkədaxili aviabiletlərin maksimal qiymət həddini dəyişərək, bir tərəfə 3 250 lirəyə (100 ABŞ dolları) qaldırıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədaxili aviabiletlərin qiymətlərinin yuxarı həddi sonuncu dəfə 2023-cü ilin avqustunda yenilənib.

O zaman respublika rəhbərliyi belə biletlərin qiymətinin bir tərəfə 2 500 lirədən (həmin dövrdəki məzənnə ilə təxminən 92,5 ABŞ dolları) çox olmamasına dair göstəriş vermişdi.

“Mülki Aviasiya Baş İdarəsi ölkə daxilində bir tərəfə reyslər üçün yeni qiymət həddini 3 250 lirə müəyyən edib”, - məlumatda vurğulanıb.

Türkiyə aviaşirkəti “Turkish Airlines” artıq tarifləri bu tələblərə uyğun olaraq tənzimləyib. Xüsusilə, indi İstanbuldan Antalyaya təyyarə biletinin qiyməti azı 2 500 lirədir.

“Pegasus” aviaşirkəti də tariflərlə bağlı dəyişiklik edib. Bu aviaşirkətlə Antalyaya daxili reyslərə biletlər azı 2 500 lirəyə başa gəlir.