Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 2026-cı il üzrə ilk səyyar qəbulunu rayonun Xol Qaraqaşlı kəndində sakinlərlə keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qəbul zamanı Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
RİH başçısı M. Seyidov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub və “Şəhərsalma və Memarlıq ili” ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, müasir şəhər mühitinin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs dövlətin uzunmüddətli inkişaf prioritetlərinə uyğun olaraq, şəhərsalma sahəsində sistemli islahatların aparılmasını və memarlıq fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini təmin edir.
O bildirib ki, son illər həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, regionların sosial infrastrukturunun yenilənməsi, müasir yaşayış komplekslərinin inşası və “ağıllı şəhər” konsepsiyasının tətbiqi Azərbaycanın dayanıqlı inkişaf modelinin uğurla reallaşdırıldığını nümayiş etdirir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə müasir, innovativ və dayanıqlı inkişaf edən ölkə kimi mövqeyini daha da möhkəmləndirir və gələcək nəsillər üçün sağlam, funksional və estetik şəhər mühitinin formalaşdırılmasına zəmin yaradır.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən drenaj sistemlərinin təmizlənməsi, işsizlik məsələləri, kənddaxili yolların təmiri, ailə sağlamlıq mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması, kənd ərazisində su bulaqlarının sayının artırılması və təmiri, özünüməşğulluq proqramları və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı müzakirə olunmuş və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.




Son xəbərlər
Son Xəbərlər