“İranın Minab şəhərində qızlar məktəbinə endirilən zərbə ilə bağlı aparılan təhqiqatın nəticələri açıqlanmaya bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Ağ Ev rəhbəri yekun hesabatı gözlədiklərini, lakin onun tam olaraq ictimaiyyətə təqdim edilməsinin sual altında olduğunu qeyd edib:
“Bilirəm ki, biz yekun hesabatı gözləyirik. Lakin qəti və yekun bir hesabatın hazırlanacağına inanmıram. Mən hərbçilərlə məsləhətləşməliyəm. Ola bilsin ki, onların bu hesabatı dərc edə bilməməsi üçün müəyyən səbəblər var. Çünki məktəbdə dəqiq nəyin baş verdiyini kiminsə 100% əminliklə söyləməsi çətindir. Eyni zamanda hadisə yerində ABŞ-nin “Tomahawk” raketinin qalıqlarının əks olunduğu iddia edilən videolar süni intellekt vasitəsilə saxtalaşdırılmış ola bilər”.
Xatırladaq ki, Minab şəhərindəki qızlar məktəbi fevralın 28-də – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı ilk gündə zərbəyə məruz qalıb. Hadisə nəticəsində əksəriyyəti uşaqlar olmaqla 160-dan çox insan həyatını itirib.
Ağ Ev əvvəlcə hücumda iranlıların özlərini təqsirləndirsə də, ABŞ-nin nüfuzlu media qurumları, o cümlədən “The New York Times” qəzeti kəşfiyyat mənbələrinə istinadən zərbənin koordinat səhvi səbəbindən məhz ABŞ hərbçiləri tərəfindən “Tomahawk” raketi ilə endirildiyini yazıb.
Son xəbərlər
Son Xəbərlər