“Olduğum həbsxanada əvvəllər at saxlayıblar” – Müsahibə

oldugum-hebsxanada-evveller-at-saxlayiblar-musahibe
Oxunma sayı: 730


Gənc fəal Bəxtiyar Hacıyev Azadlıq Radiosunun suallarını cavablandırıb.


- Bəxtiyar bəy, artıq azadlıqdasan, nə hiss edirsən?

- Yorğunluq hiss edirəm. Çünki, ailə, qohumlar, dostlarla görüşürəm. Bundan əlavə, 15 ay ərzində tamamlamalı olduğum layihələr var idi, onlar üzərində işləyirəm. Ona görə bir az yorğunam.

- Həbsdə yadda qalan günlərindən danış.

- Həbsin ilk günü mənim üçün ən pis yadda qalan günüm idi. Həmin gün mən Gəncədəki istintaq təcridxanasına göndərildim. Təsəvvür edə bilməzdim ki, belə pis şəraitli həbsxana var. Həmin bina əvvəllər at saxlanılması üçün istifadə olunub, hazırda insanları saxlayırlar. Sonrakı mərhələlərdə ona da alışdım. 29-cu ad günümü təcridxanada keçirdim. Gözləyirdim ki, heç olmasa, ailəm Gəncədə mənə sovqat gətirər. Gözlənilməz oldu ki, məni həmişə yadda saxlayan, dəyər verən ailəm nəyə görə məni unutdu. Sonradan məlum oldu ki, həftədə bir dəfə icazə verilir, həftə tamam olmadığı üçün icazə verilməmişdi. Özümü tamamilə tək hiss etdim həmin gün.

- Ümidsiz olduğun anlar oldumu?

- Yox, qətiyyən. Bəzən mənfi xatirələr olsa da, ilk günlərdən yaxınlarımın, dostlarımın dəstəyi mənə müsbət ruh verirdi. İlk vaxtlar informasiya qıtlığı yaşayırdım, qəzetlər buraxılmırdı. Bayırda baş verənlərdən xəbərim olmurdu. Ancaq adi həyata daha yaxın olan Bakı şəhərindəki cəzaçəkmə müəssisəsinə aparılandan sonra günün böyük bir hissəsini kitab oxumaqla keçirirdim. Amerikadakı tələbə yoldaşlarım yeni çıxan məqalələri, dərsliklərin elektron variantını göndərirdilər. Bakıdakı yoldaşlar onu çap edirdilər, oxuyurdum. Günlərimi faydalı keçirməyə çalışırdım.

- Necə oldu azadlığa buraxıldın?

- Qanunvericiliyin verdiyi imkanlardan yararlanaraq bütün instansiyalara müraciət etdim ki, cəzamın çəkilməmiş hissəsi ləğv olunsun. Sonuncu şans Ali Məhkəmə idi. Həmin vaxt başa düşürdüm ki, bu, hüquqi bir proses deyil. Siyasi sifarişdir və siyasi bir iradə olmalıdır ki, mən azad olum. Bununla bağlı müəyyən təkliflər olmuşdur ki, mən əfv ərizəsi yazım. Ancaq bildirmişdim ki, mən peşmançılıq keçirdiyimi yazıb əfv diləyə bilmərəm. Sonda ortaq bir məxrəcə gəldim ki, ümumi bir mətnlə də olsa, ölkə başçısına müraciət edim. Yazanda bilirdim ki, müsbət nəticə olacaq. Sonra müsbət reaksiya verildi, Ali Məhkəmənin iclası təyin edildi və mən azad oldum. Bir tərəfdən sevinirdim ki, azadlığa çıxıram. O qədər də təəssüflənirdim ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur. Belə çıxır ki, hakimiyyətin bir qolu o biri qolu üzərində nəzarətdədir. Azərbaycanda demokratik mühitin yaradılması üçün gediləsi uzun bir yol var.

- Bəxtiyar Hacıyev mövqeyini dəyişib?

- Mövqeyimi yox, ancaq taktikamı dəyişmişəm. Həbsdən əvvəl hər şeyə emosional yanaşırdım. Həbsdən əvvəl bir ictimai müzakirə olsaydı, mən günümün böyük hissəsini buna həsr edəcəkdim. Ancaq insan həbsdə olduqdan sonra bir az daha təmkinli, müdrik olur. Həbsdə mən özümə kənardan baxmağı öyrəndim. Bəzən düşündüyümü səsləndirmək heç bir nəticə vermir. Əksinə, resursları azaldır və məhdudlaşdırılır.

- Nə planların var? Sonrakı fəaliyyət planlarından danışardın.

- Planlarım var, ancaq bu barədə danışmaq tezdir. Mənə həbsdə olarkən dəstək vermiş insanlarla məsləhətləşəcəyəm. Yaxın günlərdə onları ziyarət edib, həm təşəkkürümü bildirəcəm, həm də onlarla bu planlar barədə məsləhətləşəcəm. Bir şeyə əminəm ki, Azərbaycanda müsbət dəyişiklərin baş verməsi üçün fəaliyyətimi davam etdirəcəm.
İcazə verilsəydi, xaricə istirahətə getmək istəyirəm. Şərti cəza müddətində ölkədən çıxmağa icazə yoxdur. Azərbaycanda fəaliyyətimi davam etdirəcəm. Qorxum yoxdur, ancaq həbs olunma ehtimalım var. Çünki fəaliyyət varsa, deməli, kiminsə hansısa reaksiyası, qıcıqlanması ola bilər və yenə həbs ola bilərəm.

- Əsgərliyin barədə nə deyə bilərsən? Axı bu maddə ilə həbs olunmuşdun.

- Alternativ xidmət keçməyə həmişə hazıram. Ancaq dünən də sosial şəbəkələrdə müzakirələr gedirdi ki, cəbhə bölgələrində atəşkəs pozulub. Müharibə başlanır və s. Mən də öz fikrimi bildirdim ki, müharibə başlasa, mən də ön cəbhədə gedib vuruşmağa hazıram. Çoxları rəsmi təbliğata inanıb düşünür ki, Bəxtiyar Hacıyev hərbi xidmətdən yayındığı üçün həbs olunmuşdu. Xidmət etmək istəmir, vətənpərvər deyil. Ancaq mən o zaman da demişdim ki, bu, mənə cəza vasitəsi kimi atılmış addım idi və mən ona müqavimət göstərdim. Qanun çərçivəsində alternativ xidmət keçmək istədiyimi bildirdim. Torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlar başlasa, mən də gedəcəm və o zaman kimin vətənpərvər olub-olmadığı bəlli olacaq.

- Həbsindən əvvələ qayıtsaydın, nəyi dəyişərdin?

- O dövrə qayıtsaydım, məsələlərə daha soyuqqanlı yanaşardım. Mən həbsdə olanda siyasi fəaliyyətlə məşğul olmayan bir çox yoldaşlarımı izləyirdim. Bəziləri beynəlxalq təşkilatlarda işləyirlər, bəziləri QHT-lərdə, media qurumlarında və s. Kifayət qədər müsbət dəyişiklər edirlər. Mən həbsdə belə məqalə də yazmışdım - «Adsız qəhrəman». Yəni, həbsdə vicdan məhbusu adı almaq bəlkə də yaxşıdır, ancaq adsız qəhrəman olub Azərbaycan üçün çalışan gənc az deyil. Baxırdım ki, onların gördükləri iş heç də mənim etdiklərimdən az deyil. Ona görə soyuqqanlı olub nəticə əldə etmək daha yaxşıdır, nəinki emosional olub resursları məhdudlaşdırmaq.