“Ölüm ayağında yuyulan günah kimi, yubandı təbəssümün” - - Şairin xatirəsinə

olum-ayaginda-yuyulan-gunah-kimi-yubandi-tebessumun-
Oxunma sayı: 1704


“Qafqazinfo” şairin xatirəsini yad edir və sevilən şerlərindən bəzilərini oxucuları ilə bölüşür .


Birlikdən və tənhalıqdan, 

Ucuzluqdan, bahalıqdan.

Taxta oyuncaq ayıdan

Tək yatdığım çarpayıdan

Utanıram, utanıram...


Çağaların ilk səsindən,

köhnə daxma kölgəsindən,

Ölülərin daş qəbrindən,

Dirilərin daş səbrindən

Utanıram, utanıram...

Bütövlükdən, bölümdən də,

Yersiz, vaxtsız ölümdən də...

***

Məni sevib ayrılmağa 

bir qadın.

Ürəyimdə bir ayrılıq qəribsəyib

və bu ayrılıqdan bir şeir...

Mənə baş götürüb getməyə

bir yol göstərin.

Ürəyimdən bir yol keçir

və bu yoldan bir şeir...


Mənə yaşamağa

bir qürbət verin.

Ürəyimdə bir vətən qəribsəyib

və bu vətəndən bir şeir...

***

Ölüm ayağında 

yuyulan günah kimi

gecikdi, yubandı təbəssümün.

Yaşım ötüb artıq.

Sahilə gələn

qayalara çırpınıb dağılan

dalğalara tay-tuş olmuşam artıq,

Dünyanın bütün yolları

məndən ötrü yoxuşdur daha.

Bilirsənmi.

ən xoş niyyət də

pisliyə dönür əvvəl-axır.

qalib gəlib

hakimiyyət olmuş inqilab kimi.

İndi nəğmə səsindən də

diksinirəm bəzən,

qapı cırıltısına bənzədirəm gecələr

anamın səsini də.

Gecikdi

yaman yubandı təbəssümün...

***

Son gecədir bu gün yenə, 

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...


Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...


İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər tinə

Sapsarı son adamlar...


Doğulur sonuncu insan,

Sonuncu insan ölür.

Yenə son dəfə ağlayan

Son dəfə gülən olur...

***

Eşidirsənmi? 

Amma necə eşidəsən...

İki il,

yeddi ayın ayrılığıyla

tutulub qulaqlarımız,

Bir yandan da bu yağış...

Bu yağışda canavarlar da

adam olub yorğan-döşəyə

girmək istəyirlər.

Görürsənmi?

Amma necə görəsən...

Qurtarmayıb hələ də

aramızdan keçən qatarın vaqonları.

Bir yandan da bu yağış...

Bu yağışda qorxudan

səs-səsə verib bar-bar bağırır

Qobustan qayalarının öküzləri də!

Eşidirsənmi?

amma necə eşidəsən...

İki il,

yeddi ayın ayrılığıyla

tutulub qulaqlarımız

bir yandan da bu yağış...