“Bir neçə əməkdaşı qanunsuz işdən çıxarmadığım üçün vəzifəmə AR Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verildi. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli hər şikayəti olana “işdən azad edin” tapşırığı verir”.
Bu iddia ilə “Qafqazinfo”ya Füzuli rayon 2 nömrəli Qayıdış qəsəbəsində yerləşən 9 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Ülviyyə Əjdərzadə müraciət edib.
Eks-müdir deyir ki, illər əvvəl səlahiyyətinə daxil olmayan işləri icra etmədiyinə görə vəzifəsindən çıxarılıb: “12 ildir pedaqoji fəaliyyət göstərirəm. 2014-cü ildə işə başladığımda bağça yerli icra hakimiyyətinə tabe idi. Həmin illərdə mənim işçiləri azad etmək kimi bir səlahiyyətim olmayıb. Bu qərar 2019-cu ildən sonra dəyişdi. Bu ilin yanvar ayında Elm və Təhsil Nazirliyinin Daxili nəzarət bölməsinin əməkdaşları tərəfindən bağçamızda yoxlanış keçirilib. Bildirildi ki, tərbiyəçilərdən biri öz ixtisası üzrə çalışmır. Doğrudur, ancaq bu məsələ mənim səlahiyyətim daxilində deyildi. Belə ki, həmin vaxtı işçi ərizəsinə əsasən yerli icra nümayəndəsinə müraciət edib çalışa bilirdi. Buna görə də o, işlə təmin olunmuşdu. Həmin çalışan mühasib ixtisası üzrə oxusa da, bağça tərbiyəçilərinin diaqnostik qiymətləndirilməsində 25 bal yığmışdı. Bu qiymətləndirilmə test imtahanıdır. Onun testə keçidi üçün sadəcə 5 balı çatmırdı, çox savadlı kadrdır. Guya bunu heç kəs bilmirdi ki? Mən ona nə töhmət verə bilərdim, nə də işdən çıxara...
(2).jpg)
Yoxlanışdan sonra həmçinin 2 nəfər adını çəkmədiyim dayənin təhsilalanlara qarşı kobud davranışları və işdə olmaması da əsas gətirildi. Ancaq tabeller sübut edir ki, bu, yalandır. Bəzi məsələlər olmuşdu ki, işçilər bir-birinə kobud davranış göstərmişdilər. Onlardan biri işdən azad edildi, digərlərinə isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ilə birgə qərar verdik ki, töhmət verilsin. Bütün bunlardan sonra Qarabağ RTİ-nin müdiri Sənan Mənsimlinin göstərişi ilə Füzuli-Xocavənd Təhsil sektorunun müdiri Ramella Məmmədova mənə adıçəkilən 3 əməkdaşın işdən çıxarılma əmrini verdi. Əmri qanunsuz hesab etdiyim üçün heç bir işçinin fəaliyyətinə xitam vermədim. Elə hər şey bundan sonra başladı. Xəbər verildi ki, “sənin işinə xitam veriləcək”.
Ülviyyə Əjdərzadə, həmçinin bildirib ki, bu qərarın Füzuli Rayon Komitəsi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) tərəfindən müzakirə olunmasını təklif edib: “Çünki AR Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, Həmkarlar İttifaqının üzvü olan işçinin (red-Ülviyyə Əjdərzadə Hİ üzvüdür) həmin Məcəllənin “ç” bəndi ilə işdən azad olunması üçün ETİHİ-nin razılığı tələb olunur.
Bundan sonra Ramella Məmmədova tərəfindən bu ilin fevralın 13-də bağçamızın ilk Həmkar sədri Günel Abbasova, katib Arzu İsmayılova və təşkilat üzvlərininin də iştirak etdiyi iclas keçirildi. R.Məmmədova bildirdi ki, Həmkarlar bağça müdirinin işdən azad olunması ilə bağlı qərar qəbul etməlidir. Həmkarlar İttifaqının üzvləri bu tələbə qəti etiraz edərək mənə töhmət verilməsi barədə qərar qəbul etdilər. Bildirildi ki, bu nöqsanlar işdən azad edilmə üçün əsaslı səbəblər deyil. Qərar qəbul edildikdən sonra protokol kitabında 31 nömrə ilə rəsmiləşdirildi. Lakin bir müddət sonra kollektivin yenidən sektora qayıtması tələb edildi və onlara Qarabağ RTİ-nin töhmətlə razılaşmadığı, mənim AR Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilməyim barədə qərar verilməsi tələb olundu”.
.jpeg)
Şikayətçi iddia edib ki, Qarabağ RTİ Füzuli-Xocavənd sektoru tərəfindən ETİHİ-yə təzyiqlər göstərilib: “Qarabağ RTİ-nin əməkdaşları tərəfindən sektor rəhbərinə mütəmadi zənglər edilərək mənim işdən azad olunmağım barədə qərarın qəbul etdirilməsi tələb edilib. Nəticədə Həmkarlar İttifaqının üzvləri gecə saat 23:30-a qədər faktiki olaraq inzibati binada saxlanılıb. Psixoloji təzyiqlər nəticəsində bəzi üzvlərin iradəsi qırıldı. Buna baxmayaraq, bir çox işçilər, xüsusilə Həmkarlar Təşkilatının sədri Günel Abbasova qərarı imzalamaqdan imtina etdi. Fevralın 16-da işimə son verildi. Ramella Məmmədovanın bu qanunsuz əməlləri və Sənan Mənsimlinin hər şikayəti olana “işdən azad edin” tapşırığı narazılıq yaradıb. Yaş həddini keçən işçiləri müxtəlif tapşırıqlarla vaxtını uzadırlar, gənclərə vakant yerlər göstərilmir. Rayon təhsili Ramella Məmmədovaya görə iflic vəziyyətdədir.
Qanunsuz işdən çıxarılmağım, 12 illik pedeqoji fəaliyyətim və diplomuma düşən qara ləkə mənim heç bir dövlət orqanında iş tapa bilməməyimə səbəb oldu. Bütün bunlara görə Baş Prokurorluğa da müraciət etmişəm”.
İddiaya aydınlıq gətirmək üçün Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan məsələnin məhkəmə predmeti olduğu və yalnız qərar qəbul ediləndən sonra cavab verilə biləcəyi bildirilib.
Qarabağ RTİ tərəfindən Həmkarlar İttifaqına təzyiqlərin olması iddiası ilə bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ilə də əlaqə saxladıq. Bildirildi ki, Füzuli rayonu Qayıdış 2 saylı qəsəbə 9 saylı körpələr evi-uşaq bağcasının keçmiş müdiri Ü. Əjdərzadənin müraciətində qeyd edilən məsələlər araşdırılıb: “Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 80-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
Sahəvi normativ aktların tələblərinə uyğun olaraq qərarın nəticə hissəsi konkret və aydın olmalı, işçinin adı, soyadı, atasının adı, iş yeri, vəzifəsi, əmək müqaviləsinin xitamı üçün həmkarlar ittifaqının razılıq verməsi və ya imtinası göstərilməlidir. Həmkarlar ittifaqı yalnız işəgötürənin təqdimatda göstərdiyi əsas üzrə əmək müqaviləsinin xitamına razılıq verməli və ya imtina etməli, başqa əsas üzrə xitam barədə məsləhət və ya tövsiyə vermək hüququna malik deyil.
Aparılmış araşdırma nəticəsində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Füzuli rayonu Qayıdış 2 saylı qəsəbə 9 saylı körpələr evi-uşaq baxcasının ilk həmkarlar ittifaqı təşkilatına göndərdiyi müvafiq təqimatın ilk həmkarlar ittifaqı təşkilatı tərəfindən araşdırılmasında və qərar qəbul edilməsində nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Belə ki, ilk həmkarlar ittifaqı təşkilatı işəgötürənin təqdimatda göstərdiyi əsas üzrə əmək müqaviləsinin xitamına razılıq verməli və ya imtina etməli olduğu halda, Ü.Əjdərzadəyə töhmət verilməsi barədə razılıq vermiş (halbuki məsləhət və ya tövsiyə vermək hüququna malik deyil), nəticədə ilk həmkarlar ittifaqı təşkilatının Təqdimat üzrə ilk qərarı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilib.
Həmçinin işçilərin təzyiqə məruz qalması ilə bağlı qeyd edilən iddialardan xəbərdarıq və məsələ ETİHİ Respublika Komitəsi tərəfindən nəzarətə götürülüb. Daxil olmuş məlumatlar əsasında hazırda müəyyən edilmiş qaydalar və prosedurlar çərçivəsində araşdırma aparılır, təqdim olunmuş faktlar və müraciətlər obyektiv şəkildə nəzərdən keçirilir, bütün tərəflərin mövqeyi öyrənilir.
Qeyd edirik ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı əmək münasibətlərində sağlam, təhlükəsiz və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan iş şəraitinin təmin olunmasına xüsusi önəm verir. İşçilərin hüquq və mənafelərinin qorunması İttifaqın prioritet istiqamətlərdən biridir və bu kimi məsələlərə həssaslıqla yanaşılır”.
Fidan Etibar

