Onlayn növbəyə baxan yoxdursa, niyə götürürük?

onlayn-novbeye-baxan-yoxdursa-niye-gotururuk
Oxunma sayı: 5536

Nazirlər Kabineti yanında Operativ Qərargahın bir sıra iş yerlərində COVID-19 pasportunun tələb olunacağı ilə bağlı son qərarından sonra ölkə ərazisində koronavirus əleyhinə vaksinasiya kütləviləşib. Əvvəllər gün ərzində təxminən 25-35 mindən yuxarı çıxmayan vaksinasiya statistikası son günlər 50-60 mini ötüb. Bu səbəbdən poliklinikalarda peyvənd növbələri ilə bağlı böyük izdiham yaşanır. Günlərdir bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılır. Görüntülərdən də aydın olur ki, karantin qaydaları kobud şəkildə pozulur, heç bir sosial məsafə gözlənilmir, insanlar həm poliklinikanın qarşısında, həm də dəhlizdə - qapalı məkanda saatlarla gözləməli olurlar.

“Qafqazinfo” yaranmış problemlə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, peyvənd olunmaq üçün müraciət edənlərin əksəriyyəti canlı növbələrdə dayanmamaq səbəbindən randevu.its.gov.az saytında onlayn növbə götürüblər. Lakin tibb müəssisəsinə yaxınlaşanda görünür ki, eyni saatda onlarla qeydiyyatdan keçən vətəndaş var. Poliklinikada çalışan həkimlər isə problemin onlarla bağlı olmadığını bildirirlər. Tibb işçilərinin sözlərinə görə, əvvəllər peyvənd olunmaq üçün gələnlərin arasında qeydiyyatdan keçənlər az idisə, artıq əksəriyyət onlayn növbə götürərək vaksinasiya üçün müraciət edirlər. Lakin elektron qeydiyyatla bağlı növbə məsələsi düzgün tənzimlənmədiyindən insanların sıxlığı yaranır.

“Hamı bizim üstümüzə düşür ki, niyə növbə yaratmırsınız? Amma burada yaranan problemi biz həll edə bilmirik. Poliklinikada peyvənd üçün ayrılan həkim sayını tibb müəssisəsi müəyyən etmir. Gələnlərin əksəriyyəti eyni saata növbə götürüb gəlib. Əslində saytda onlayn növbəyə müəyyən limit tətbiq olunmalıdır ki, o limitdən sonra növbə götürmək mümkün olmasın. Misal üçün, 10-11 arası ancaq 20-30 nəfər növbə götürə bilsin, qalanlar növbəti saata düşsün. Randevu.its.gov.az saytında isə belə məhdudiyyət olmadığına görə hər kəs eyni vaxta növbə götürüb gəlir və nəticədə belə problem yaranır”, - 8 saylı Şəhər Poliklinikasının həkimi bizimlə söhbətində bildirib. 

Digər bir poliklinikada isə onlayn növbənin qeyri-rəsmi ləğv olunduğunu, vətəndaşlara səhər tezdən gələrək poliklinikada növbəyə yazılmalarını bildiriblər: “Onlayn növbənin heç bir mənası yoxdur, hamı eyni vaxta götürüb gəlir, nəticədə yenidən poliklinikada növbəyə durmalı olurlar. Ona görə də, biz vətəndaşlara bildiririk ki, gəlib burada növbə götürsünlər. Bizə gündəlik müəyyən doza peyvənd verilir. Həmin dozaya uyğun da vətəndaşı növbəyə alırıq, qalanlar növbəti günə qalır”.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da yaranmış vəziyyətdən narahatlığını ifadə edib. O ehtimal edir ki, son vaxtlar peyvənd olunanlar arasında yoluxma hallarının artması vaksinasiya prosesindəki sıxlıqla bağlı ola bilər: 

“Bu sistemin mexanizmi haqqında məlumatım yoxdur. Mən də sosial şəbəkələrdə o sıxlığı görmüşəm, sözsüz ki, sosial məsafənin tələb olunduğu dövrdə bu heç də xoş deyil. Sıxlığın olması onu göstərir ki, burada müəyyən təşkilati problemlər var. Bundan əvvəl müəyyən peşə və yaş qruplarına peyvənd olundu. Amma peyvənd olunandan sonra insanların xəstələndiyinin şahidi olmamışdım. Amma son 2 aydır ki, peyvənd daha geniş əhali kütləsinə tətbiq olunur. Mən bir neçə nəfərdə şahidi olmuşam ki, peyvənd olunmağa gedib və 5-6 gün sonra xəstələnib. Ola bilər ki, sıxlığın bu kimi hallarda rolu var və insanlar bundan əziyyət çəkirlər ”.

Bəs əslində sistem necə qurulmalı idi? Texniki problemi necə aradan qaldırmaq olar? 

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/  saytına daxil olaraq “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər. “COVID-19 vaksin randevu” elektron xidmətində göstərilən vaxt aralığının müddəti 1 saatdır (məsələn, 09:00-10:00) və vətəndaşlara həftənin bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 19:00-a qədər xidmət göstərilir: 

“Peyvənd məntəqələrində vaksin otaqlarının sayından asılı olaraq hər saat aralığı (məsələn, 09:00-10:00) üzrə limitlər təyin olunub. Məsələn, bir peyvənd məntəqəsində həmin saat aralığında 10 nəfər qəbul olunursa, digər peyvənd məntəqəsində həmin saat aralığında 20 nəfər qəbul olunur. Limitlər peyvənd məntəqələrinə görə fərqlidir və mütəmadi olaraq dəyişə bilər”.

Xatırladaq ki, koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantin tətbiq olunur. Yanvarın 18-dən etibarən dövlət hesabına ölkə əhalisinin vaksinasiyasına başlanılıb. Ölkədə indiyə qədər 2 milyondan çox şəxsə vaksin vurulduğu qeyd edilir. Onlardan bir milyona yaxını vaksinin iki mərhələsindən də keçib. 

İndiyə qədər ölkədə 4926 nəfər koronavirus infeksiyasından vəfat edib. 

Gülnar Əliyeva