“2025-ci il ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərindən bəhrələnənlərin sayı 29 min 746 nəfər olub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2025-ci ildə Komitənin fəaliyyətinin yekunlarına dair tədbirdə bildirib.
O qeyd edib ki, mərkəzlərə 1888 müraciət daxil olub: “UADM əməkdaşları tərəfindən 1159 ailəyə səfər edilib. Bu səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə bağlı olub. Həmçinin erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb, 81 uşaq təhsilə cəlb edilib”.
B.Muradova həmçinin məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər əsasında 109 vətəndaşa mühafizə orderi verildiyini əlavə edib.
O qeyd edib ki, 2023-cü illə müqayisədə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında verilən mühafizə orderlərinin sayı 30% artıb. 2022-ci ildə bu rəqəm 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.
Tədbirdə çıxış edən Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, ötən il Naxçıvanda 6 erkən nikahın qarşısı alınıb.
Onun sözlərinə görə, həmçinin Komitəyə daxil olan məlumatlar əsasında, Babək rayonu üzrə 9 və Kəngərli rayonu üzrə 1 uşaq olmaqla ümumilikdə 10 uşağın əməyinin istismarının qarşısı alınıb.
Eyni zamanda, uşaqların dərslərə davamiyyətləri nəzarətə götürülüb.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər