Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Nəriman oğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Rəşad Məmmədov ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
***
Füzuli Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün 13:00 radələrində Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs xəstəxanaya hospitalizasiya olunub: “Ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.
Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.
Son xəbərlər
Son Xəbərlər