“PAŞA Real Estate Qrup”un nümayəndələri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivishvili ilə görüşüblər.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Gürcüstanda turizm və hotel biznesinin inkişafı, ölkənin investisiya mühiti, Qrupun cari fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə “PAŞA Real Estate Qrup”un nümayəndə heyətinə Baş Kommersiya Direktoru və Beynəlxalq Layihələrin Baş İcraçı Direktoru Elçin Qədimov rəhbərlik edib. Tərəflər Gürcüstanın beynəlxalq turizm istiqaməti kimi inkişaf perspektivləri, ölkənin investorlar üçün cəlbediciliyi, eləcə də turizm və hotel infrastrukturunun inkişafında özəl investisiyaların rolu barədə fikir mübadiləsi aparıblar.
Gürcüstan “PAŞA Real Estate Qrup”un beynəlxalq fəaliyyət coğrafiyasında altıncı ölkə olacaq. Qrup Tbilisidə A sinif biznes mərkəzi və sayca 25-ci hoteli ilə təmsil olunacaq.
Görüşün sonunda “PAŞA Real Estate Qrup”un nümayəndələri layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə nazir Mariam Kvrivishviliyə və nazirliyin nümayəndələrinə təşəkkür ediblər. Tərəflər, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlığın davam etdirilməsinin, eləcə də Gürcüstanın turizm potensialının inkişafına töhfə verən layihələrin əhəmiyyətini vurğulayıblar.
“PAŞA Real Estate Qrup” haqqında
“PAŞA Holding”in tərkib hissəsi olan “PAŞA Real Estate Qrup” daşınmaz əmlak sahəsində investisiya, tikinti, developer fəaliyyəti, aktivlərin idarə olunması və istismarı istiqamətlərində ixtisaslaşmışdır. Şirkətin portfelinə lüks hotellər, yüksək səviyyəli kurortlar, premium yaşayış binaları, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ kimi ölkələrdə fəaliyyət göstərən qrup, etibarlılıq, keyfiyyət və müştəriyönümlülük prinsiplərinə əsaslanaraq beynəlxalq miqyasda aktivlərinin dəyərini davamlı artırmağı və öz sahəsində standartları yüksəltməyi hədəfləyir.



Son xəbərlər
Son Xəbərlər