“İddia edirlər ki, erməni kilsələrini albanlaşdırmağa çalışırıq” - Yenilənib

iddia-edirler-ki-ermeni-kilselerini-albanlasdirmaga-calisiriq
Oxunma sayı: 728

“Bizə həmişə, xüsusilə diplomatik müstəvidə, belə ittihamlar irəli sürülür ki, guya Azərbaycan ərazisindəki erməni kilsələrini albanlaşdırmağa çalışırıq. Buna tarixçilərimiz və kilsə tarixi ilə məşğul olan mütəxəssislərimiz tam cavab verməlidirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

“Burada emosiyalara qapılmaq lazım deyil. Azərbaycan ərazisində erməni kilsələri də var, xristian kilsələri də. Məsələn, Bakının mərkəzində erməni kilsəsinin olduğunu hamımız bilirik.

Bizim mövqeyimiz ondan ibarət deyil ki, Azərbaycan ərazisində mövcud olmuş bütün xristian irsini özümüzünkü hesab edək.

Əsas problem ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixinin inkar edilməsi və onun tamamilə erməni tarixi kimi təqdim olunması cəhdləri var. Qafqaz Albaniyasının tarixinin bu bölgənin xristian irsi və tarixi ilə bağlı mühüm yeri var. Buna görə də məsələyə elmi əsaslarla, emosiyalara varmadan cavab vermək lazımdır”, - o bildirib.

F.Şəfiyev Qafqaz Albaniyasının araşdırılmasında qədim erməni dili – qrabarın, eləcə də gürcü və erməni dillərinin öyrənilməsinin vacibliyini vurğulayıb:

“Gürcü dili, erməni dili və ümumilikdə Qafqazşünaslıq Azərbaycanda gücləndirilməlidir. Biz bu sahələrə sahib olmadan digərləri sahib olurlar və tarixi falsifikasiya edirlər”.

O qeyd edib ki, Azərbaycan sülh və regional əməkdaşlıq siyasətini davam etdirməklə yanaşı, tarixi və elmi məsələlərdə də fəal olmalıdır:

“Azərbaycan bu məsələlərdə zəif ola bilməz. Qarşı tərəfdə bu məsələlərlə hələ də aktiv məşğul olan qüvvələr var. Ona görə tarixi və elmi istiqamətləri daim diqqətdə saxlamalıyıq. Azərbaycanın kursu sülhdür, regionda əməkdaşlıq və ticarətin inkişafıdır, amma bu, tarixi məsələlərdə fəallığımızı azaltmamalıdır”.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev bildirib ki, Albaniyada xristianlıq ermənilərdən 270 il əvvəl yayılıb.

“Mənbələr, o cümlədən bir sıra erməni mənbələri də bunu təsdiqləyir. Albaniyada xristianlığın I əsrdən etibarən yayıldığı tarixi mənbələrdə öz əksini tapıb. Bunu bir sıra erməni mənbələrinin özü də etiraf edir. Musa Kalankatlının “Albaniya tarixi” əsərində də bu fakta rast gəlirik. Əsərdən məlum olur ki, albanlar IV əsrdə hökmdar Urnayrın dövründə xristian dinini rəsmiləşdiriblər. Ermənilər də istəyirlər ki, biz xristian dinini həmin IV əsrdən götürək. Amma mənbələr, alban tarixi qəti şəkildə bildirir ki, Albaniyada xristianlıq I əsrdən etibarən yayılıb.

Erməni mənbələrində də, alban tarixində də verilir ki, ermənilər xristianlığı qəbul etdikdən 180 il sonra, katolikos Vazgenin dövründə, yəni 506-cı ildə Dvin kilsə məclisini çağırıblar. Orada daha əvvəl, 451-ci ildə çağırılmış Xalkedon kilsə məclisinin qərarlarını tənqid ediblər. Deməli, 506-dan 180-i çıxanda yenə də IV əsrin əvvəllərinə çıxırıq. Bu epizodu daha ətraflı təqdim edən Musa Kalankatlı deyir ki, Albaniyada katolikosluq taxtı ermənilərdən çox əvvəl mövcud olub”.

R.Ağayev bildirib ki, Alban katolikoslarının bir-birinə ünvanladığı məktublar və risalələr də bu məsələnin araşdırılmasında mühüm mənbələrdən biridir:

“Alban katolikoslarının bir-birinə məktubları var, bunlara katolikosların risalələri deyilir. Həmin risalələr bizim görkəmli akademikimiz Ziya Bünyadov tərəfindən də araşdırılıb. Orada erməni katolikosu etiraf edir ki, Azərbaycanda, Albaniyada, Aranda xristian dini ermənilərdən əvvəl yayılıb. Beləliklə, Alban kilsəsi əvvəldən sonadək müstəqil kilsə olub. Bu kilsənin katolikosluğunun mərkəzi əvvəlcə Çola, VI əsrdən etibarən Bərdə, VIII–IX əsrlərdə Tərtər çayı sahilindəki Bərdə-Qub şəhəri, 1240-cı ildən isə Gəncəsər monastırı olub. 1240-cı ildən 1836-cı ilə qədər, Rusiya tərəfindən Alban katolikosluğu ləğv edilənədək bu ənənə davam edib”.

***

“Son 15 il ərzində Qafqaz Albaniyasının tarixi, o cümlədən Gəncəsər monastırı ilə bağlı arxivlərdə və xarici mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılıb. Sovet dövründə Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə siyasi yanaşmalar təsir edib”.

Bu sözləri Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov deyib.

O bildirib ki, son araşdırmalar sovet dönəmindən səhv təhlil olunmuş, bizdə də müəyyən çərçivədə qəbul edilmiş bəzi məsələlərə başqa cür baxmağa məcbur edir: “Sovet elmi müəyyən siyasi konyunkturanın maraqlarına cavab verib. Stalin dövründə albanşünaslığın formalaşdırılması ilə bağlı xüsusi yanaşma olub. Həmin dövrdə İosif Orbeli və digər alimlərin fəaliyyəti də bu prosesin bir hissəsi olub. İosif Orbeli həmin dövrdə Gəncəsər və ümumiyyətlə Albaniya tarixi ilə işləyən şəxslərdən biri idi. Məqsəd Qafqazda üçüncü tarixi mərkəz formalaşdırmaq idi. Bu səbəbdən həmin dövrdə Urartu məsələsi də gündəmə gətirildi və albanşünaslığın üçüncü mərkəz kimi formalaşdırılması istiqamətində işlər görüldü”.

Ekspert Qarabağdakı xristian dini abidələrinin tarixi əhəmiyyətindən də danışıb. O, Gəncəsər, Xudavəng və Amaras monastırlarını xüsusi qeyd edib: “Qarabağda xristian dünyası üçün mühüm olan üç kilsə var. Bunlar Gəncəsər, Xudavəng və Amarasdır. Bunların hər birinin xristianlıq tarixində xüsusi yeri var. Gəncəsər, Amaras və Xudavənglə bağlı müxtəlif dini rəvayətlər mövcuddur. Amarasda müqəddəs Qriqorisin, Xudavəngdə isə müqəddəs Faddeyin dəfn olunduğu ilə bağlı məlumatlar var.

Antiterror əməliyyatından sonra ərazidə aparılan çəkilişlər zamanı bəzi məzarların və sümüklərin qazıldığı barədə görüntülər gördük. Bu məsələ araşdırılmalı və beynəlxalq xristian ictimaiyyətinin diqqətinə çatdırılmalıdır”.

R.Hüseynov Alban kilsəsinin statusunun da mühüm məsələ olduğunu vurğulayıb: “Alban kilsəsi avtokefal olub. Yəni müstəqil kilsə statusuna malik idi və birbaşa Qüdsdəki xristian dini mərkəzləri ilə əlaqələri olub. Qüdsdə Alban icmasının və Alban məhəlləsinin mövcudluğu ilə bağlı da məlumatlar var”.

Ekspert hesab edir ki, Qafqaz Albaniyasının xristian irsinin öyrənilməsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə xristian dünyası üçün əhəmiyyət daşıyır: “Alban irsi bu şəkildə talan olunub və darmadağın edilib. Gəncəsər də bunun içində yalnız bir nöqtədir. Qarabağdakı xristian irsi məsələsinin Ermənistan tarixşünaslığında xüsusi əhəmiyyəti var. Bu irsin tarixi mənsubiyyəti ilə bağlı məsələlərə görə Gəncəsər ətrafında mübahisələr bu gün də davam edir”.

***

“Ermənistanın Qafqaz Albaniyasına iddia etməsinin səbəbini anlamaq lazımdır. Xristian irsini bu regionda, xüsusən Cənubi Qafqazda özünün tarixi varlığı kimi təqdim etmək istəyirlər”.

Bu sözləri BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov deyib.

F.Məmmədov bildirib ki, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin sayı ilə bağlı AMEA-nın Tarix İnstitutunda aparılan araşdırmalar zamanı 30-a yaxın dövlət müəyyənləşdirilib: “Tarix hər zaman siyasi alətdir. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin hamısının varisləri bizik. Biz bütün bu dövlətlərin irsinə yiyələnməliyik. Nadir yerlərdir ki, bu qədər və bu qədimlikdə dövlətçilik ənənəsi olsun. Nəyə görə bu 30 dövlətdən Ermənistan iddia etməyə, sahib olmağa çalışır? Fikir verirsinizsə, bütün digər dövlətlərə hər hansı bir iddia yoxdur. Amma Qafqaz Albaniyasına var. Burada düşünürəm ki, onların düşüncə tərzini anlamaq lazımdır”.

O bildirib ki, uzun müddət Qafqaz Albaniyasının irsinin “yiyəsiz” olduğu barədə yanaşma formalaşdırılmağa çalışılıb: “İddia edirdilər ki, Qafqaz Albaniyası yiyəsizdir. Yəni biz İslam dinində olduğumuz üçün, müsəlman xalqı olduğumuz üçün ona iddia etməyəcəyik. "Bu xristianlıq bizə aid deyil" yanaşması olub. Amma burada artıq dövlətçilik mövzusu və konteksti daxil olur. Biz bu irsə yiyə çıxmalıyıq”.

F.Məmmədov vurğulayıb ki, Azərbaycan tarixşünaslığında Qafqaz Albaniyası və Qarabağla bağlı məsələlərə əvvəlki dövrlərdən etibarən münasibət bildirilib.

Onun sözlərinə görə, sovet dövründə də Ermənistanın tarixi iddialarına cavab olaraq Azərbaycan tarixçiləri tərəfindən araşdırmalar aparılıb: “Ərazilərin işğaldan azad edilməsindən sonra bu istiqamətdə araşdırmaların genişləndirilməsi üçün yeni imkanlar yaranıb. Bu mövzu olub, hazırda da var və olacaq. Bununla bağlı bizim əlimiz zəif deyil. Ərazilər azad olunandan sonra araşdırmaların sayı da artıb. Məncə, bu istiqamətdə həm elmi, həm də kütləvi səviyyədə addımlar atmalıyıq”.

F.Məmmədov daha sonra Ermənistan kilsəsinin roluna toxunaraq, Qafqaz Albaniyasının xristian irsinin gələcəkdə ərazi iddiaları üçün istifadə olunması ehtimalına diqqət çəkib: “Biz dövlətlərarası səviyyədə tələbləri gördük. Amma vətəndaş cəmiyyəti səviyyəsində dialoqda ən böyük maneələrdən biri məhz bu mövzu ilə bağlı sərgilənən mövqedir. Bizim üçün bu müzakirələr artıq keçibdir. Bizim üçün bu, revanşizmin bir formasıdır”.

F.Məmmədov Ermənistan Apostol Kilsəsinin ölkə daxilindəki roluna da toxunub: “Ermənistan kilsəsi Ermənistan cəmiyyətində ən böyük revanşist qüvvədir. Siyasi partiyaların, ictimai-siyasi qurumların mövqeyini dəyişmək üçün müxtəlif siyasi mexanizmlərdən istifadə etmək mümkündür. Amma Ermənistan kilsəsi və onun qəbul etdiyi son sənədlər göstərir ki, Ermənistan cəmiyyətində revanşist hisslərin ən böyük dəstək nöqtələrindən biri məhz bu institutla bağlıdır”.

Lamiyə Məmmədova