Paşinyanın İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur

Paşinyanın İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur
Oxunma sayı: 13401

Ermənistan dövləti Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarından, dronlar və digər hərbi texnikanın gücü sayəsində vurulan 2 milyard dollardan çox ziyandan və yüzlərlə canlı qüvvə itkisindən sonra iflas vəziyyətinə düşüb. Hərbi sahədə, döyüşlərdə tam məğlub olduğunu anlayan düşmən mülki əhalini dəfələrlə raket və artilleriya atəşinə tutmaqdan da bir şey əldə edə bilmədiyini görərək, Azərbaycana hərbi əməliyyatları dayandırması üçün yalvarışlara başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq Azərbaycan Ordusu taktiki əməliyyatlarla müharibədə dönüş nöqtəsi yaradıb. Çünki, düşmən üçün çox ciddi müqavimət nöqtəsi olan Füzuli işğaldan azad edilib. Ermənistan silahlı qüvvələri təmas xətti adlandırdıqları ərazilərdə çox böyük müdafiə xətti və istehkamlar düzəltmişdi. Artıq Füzuli, Cəbrayıl, Suqovuşan istiqamətlərində döyüşlərdə bu istehkamlar darmadağın edildi və düşmən geri çəkilməyə məcbur oldu. Ermənistanın güvəndiyi istehkamlar artıq Azərbaycan Ordusunun nəzarətindədir. Düşmən isə pərakəndə şəkildə dağlara çəkilib.

Düşmən sentyabrın 27-dən bu günə kimi xeyli sayda canlı qüvvəsini, döyüş texnikalarını itirib. Erməni hərbi qulluçuları artıq Qarabağda döyüşmək istəmir. Onlar silahlarını yerə qoyaraq qaçıb canlarını qurtarmağa çalışırlar. Baş nazir Nikol Paşinyanın feysbukda xalqa sonuncu etirafından sonra cəmiyyətdə ruh düşkünlüyü və narazılıq daha da artıb. Paşinyan etirafında bu müddət ərzində çox itki verdiklərini, qurbanların sayının çoxaldığını qeyd edib. Ciddi məğlubiyyətə uğrayaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib. Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb.

Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Hazırda Ermənistan Ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq hökm sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında deyillər.

Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, oktyabrın 16-sı gün ərzində və 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası heç bir nəticə vermir. 

Ermənilər mətbuata açıqlamalarında və sosial şəbəkələrdəki paylaşımlarında Azərbaycan Ordusunun qələbəsindən sonra vahiməyə düşdüklərini gizlətmirlər. Onlar bu məsələdə açıq şəkildə Paşinyanı ittiham edirlər. Ermənistan əhalisi bizim qalib mövqedə olduğumuzu, Dağlıq Qarabağı tezliklə geri alacağımızı bilir. Onlar Paşinyanın Qarabağ məsələsində xalqını aldatdığını düşünürlər.

Ehtiyatda olan qüvvələrin, eləcə də çoxsaylı qocaların və yeniyetmələrin ciddi hazırlıq keçmədən Azərbaycan Ordusuna qarşı döyüşə göndərilməsi Paşinyan iqtidarının insan həyatına dəyər vermədiyinin bariz nümunəsidir. Bu da cəmiyyətdə hakimiyyətdən narazılığı artıran daha bir faktordur. Cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Ermənistanda 13 siyasi partiya mövcud vəziyyətin yaranmasına görə Paşinyanı günahlandırır. Onlar bu barədə mətbuatda bəyanatla çıxış ediblər.

Məlumdur ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistanda sosial-iqtisadi problemlər daha da dərinləşib. Yoxsulluq, səfalət pik həddədir. O, xalqının sosial iqtisadi rifahını təmin edə bilmir. 

Şəxsi heyətdə ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar.

Bu gün Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi ki, artıq Ermənistanda əsgər anaları etiraz aksiyaları keçirir: “Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”

Məlumata görə, artıq Ermənistanda insanlar hərbi çağırış məntəqələrinin qarşısını kəsir, onların fəaliyyətini iflic vəziyyətinə salırlar.

Ümid partiyasının sədri İqbal Ağazadə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün “RİA Novosti” agentliyinə müsahibələrini şərh edərkən bildirmişdi ki, İlham Əliyevlə Nikol Paşinyanın həm diplomatik jestləri, həm diplomatik etiket normalarına riayət etməsi tam fərqli idi: “İlham Əliyev məsələlərə kifayət qədər professional yanaşdı, baş verən hadisələrin hüquqi tərəflərini doğru və səlis tamaşaçı auditoriyasına çatdıra bildi. Paşinyanın danışıqlarında inamsızlıq, rabitəsizlik və ən başlıcası, hadisələrə hakim olmamaq, haqsız olduğu halda belə hüquqa hansı yerdən girmək imkanları olduqca aşağı idi. Hesab edirəm ki, bunu tamaşaçı da kifayət qədər ciddi şəkildə anladı. Paşinyan indi daha çox xarici qüvvələri cəlb etməyə çalışır ki, bu proses bitsin. Paşinyan daha çox indiyə qədərki  dövrdəki hərbi hazırlıqları, hərbi qüvvələrin işləməməsini, başqa dövlətlərə işləyən, hətta tabe olmayan hərbçilərin olması barədə kifayət qədər fikirlər söyləyir ki, məğlubiyyəti hərbçilərin üzərinə yazıb siyasi hakimiyyəti bu prosesdən çəkindirə bilsin”. 

Politoloqların fikrincə, bu gün Ermənistan ordusunun sonuncu gücü ilə pərakəndə və nizamsız vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmək əmri birbaşa Paşinyandan gəlir və bu proses yalnız və yalnız Paşinyana öz hakimiyyətini saxlamaq üçün lazım idi. 

Prezident İlham Əliyev bu gün xalqa müraciətində həmçinin müharibənin gedişi üçün Füzulinin azad edilməsinin hərbi əhəmiyyətindən də bəhs edib: 

“Füzuli uğrunda döyüşlər ağır döyüşlər idi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlər idi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün aylarla vaxt lazım olacaq, bu əməliyyat uğurla nəticələnəcək ya nəticələnməyəcək, hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Artıq siyasi arenada yayılan məlumata görə, Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür. Ölkədə və orduda mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.

Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub və belə bir vəziyyətdə Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür.

İrəvan indi ən qeyri-insani hərəkətləri həyata keçirir. Gəncənin dinc sakinlərinə raket zərbəsi endirir, Azərbaycanı təhrik etməyə çalışır ki, İrəvana zərbə vursun. Ancaq ölkə prezidentinin də vurğuladığı kimi, bizim kiminsə torpağında gözümüz yoxdur. Azərbaycan əsgəri mülki insanları heç vaxt hədəfə almayıb. Ermənistan mümkün olan bütün vasitələrlə öz ordusunu xilas etməyə çalışır. Bu artıq itirilməsi qaçılmaz və son məğlubiyyət deməkdir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi