Qara günlər çıxır kir kimi məndən...

qara-gunler-cixir-kir-kimi-menden
Oxunma sayı: 4985

Son günlər səhhəti ilə bağlı həssas günlər yaşayan tanınmış şair Salam Sarvana ictimai dəstək davam edir. 

Onun yaradıcılığı ilə əlaqədar “Real TV”nin rəhbəri Mirşahin Ağayev də paylaşım edib. Jurnalist paylaşdığı “Qocalar üçün tarix dərsi” şeirini eyni zamanda səsləndirib. 

“Qafqazinfo” şairin sözügedən şeirini və digər sevilən əsərlərindən bir neçəsini təqdim edir:

Qocalar üçün tarix dərsi

Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:

vaxt var idi, yox idi qulun ağlamaq haqqı.

Nəysə... ruhu şad olsun aldığımız canların.

Heç çoxu içilmədi axıdılan qanların...

Ey bizim əsrimizin gözəllik salonları,

savaşda Janna Darkın saç düzümü necəydi?

Beyrəyin köynəyinin vardı yuyulmağ haqqı?

Döşünə döymədilər qürrələnən igidlər,

döydülər qaragözlü atlarının döşünə...

Sürtülməkdən zay oldu Pikassonun fırçası

Fəzlullah Nəiminin otuz iki dişinə.

Dünyanı anlamaqçün bax o topal Teymurun

axsaq ayaqlarıyla möhtəşəm yerişinə.

Və bu boyda can atma nəvazişə, tumara:

sığal haqqı boydadı bədənin şallağ haqqı.

Göy üzü ərşə qalxan əzablarla doludu.

Yer kəsilib atılmış əzalarla doludu:

Nil çayının sol qolu Babəkin sağ qoludu.

Tökür Kleopatra Ümid burnunun suyun

Lüdovikin üzülmüş Dardanel boğazına.

Bu dünyanın gərdişi pioner şeypuruyla

gör nə gözəl züy tutub Dədə Qorqud sazına.

Bəs oğlum Tural hanı... Qazılıq dağındadı,

gün gələr enər ordan Qazilik dağın tutar.

Savaşların mənası: bu qəsbkar vətənlər

öz oğlun basdırmağa özgə torpağın tutar.

Və tutar bulaq gözün tutulmuş torpağ haqqı.

O hansı ölüm idi – qapısı arxasında

bir kişini atının yəhərində gözlədən?

O hansı çılpaq idi – natəmiz əlləriylə

müqəddəs yerlərini ayıb sayıb gizlədən?

O təkgözlü əncirin necoldu yarpağ haqqı?!

Dəhşətli şeir

Qırışların arasından
yavaş-yavaş axır qan,
mənsə əlimlə silirəm üz-gözümün tərini.

Nəsə yazıb o dərzi qız
iynəsiylə kürkümə:
oxuyuram sətir-sətir bu tikiş yerlərini.

Yavaş-yavaş axır qan,
get-gedə qızarır dan...

Adamlar göyə açıb boş ovcunu hələ də,
qopur yalvarış dolu dualar dillərindən.
Bir uşaqsa gül tutub
Tanrıya uzatdığı balaca əllərində.

Yavaş-yavaş çıxır can...
Və heç nəyi olmayan
bu yalqız oğlu yalqız
ayrılıq məqamında götürüb gedir ancaq
yarıyacan çəkdiyi siqarı külqabıdan.

Hə, bu da sonuncu an:
yarat məni, Yaradan.

Yazıq bir yaz axşamı

Tıxacdır, aləm donub.
Yol qırağında qadın söykənib süpürgəyə,
ürəyində bağırır bahalı maşınlara:
hara gedirdiz belə?
nə oldu, nə dayandız?

Və Novruz süfrəsində
şax dayanıb yanır şam...
Nisyə aldığı qozu əsəbi əlləriylə
qırır uşaqlarına bir ata həmin axşam.

Sonra baxıb düşünür
qabarlı əllərinin içindəki xətlərə:
ovcundakı qırışlar qoz qabığından qalıb?

Plana düşən evlər

Uzağı üç-dörd aya söküləcək bu evlər
vidalaşmaq istəyir köhnə tanışlarıyla:

könlündən Leysan keçir
sonuncu kəz dammağa.
Zəlzələni istəyir
görüşüb-ayrılmağa.
boyası çat-çat olmuş qapı dodaqlarıyla
son dəfə cırıldaşmaq arzulayır Tufanla.

Amma hələ gələn yox –
gözləri yol arayır...
Oturub, həyətində təzəcə çiçəkləyən
ağaclarını sayır
plana düşən evlər.

***

BİR QURTUM SU  VERİN

Yazmaq - qələm kimi yonulmaqdı da,
yonulub kağızdan yuxa çıxıram…
Qara günlər çıxır kir kimi məndən,
yuyunub beş arşın ağa çıxıram.

Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su verin tüpürmək üçün…
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…

Öz üstümə qoşun göndərən şaham…
Yellər də qoşuldu mən çəkən aha…
Səni axtarmağa gedirəm daha –
ta mən də bu gündən yoxa çıxıram.

***

BİR DƏQİQƏLİK SÜKUTNAN

Biz də ölərik, doğmam,
basdırarlar bizləri də.
Bir dəqiqəlik sükutnan
susdurarlar bizləri də.

Biz özümüz sonsuz uzaq,
qəbrimiz yanaşı olar.
Dünyada tək bizdən hündür
ikicə baş daşı olar.

Qəbrimiz üstə ot bitər,
yarpaq keçər aramızdan.
Aramızdan su da keçmir,
torpaq keçər aramızdan.

***
ATANDA BİR BAXAYDIN DA…

Bir gün məni axtararsan,
məndən gen düşən sevdiyim.
Nağıldan sonra alma tək
gözümdən düşən sevdiyim.

Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da
hayana atmısan məni.

İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər.