“QARABAĞ” təyyarəsi Füzuli aeroportuna ilk sınaq uçuşu etdi - Fotolar

qarabag-teyyaresi-fuzuli-aeroportuna-ilk-sinaq-ucusu-etdi
Oxunma sayı: 6256

Bu gün Bakıdan uçan “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında, Füzuli beynəlxalq hava limanında eniş edib.

“Qafqazinfo”nun sınaq uçuşunda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, bugünkü uçuşda simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə “QARABAĞ” adını daşıyır.

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edir.

Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş  Hava hərəkətini idarəetmə (HHİ)  qülləsinin tikintisi başa çatıb.

Bunun sayəsində  Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti  təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib.

Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Qeyd edək ki, həmçinin, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov