“Qarabağlar” və “Dilbazlar” yarışdı - Fotolar

qarabaglar-ve-dilbazlar-yarisdi
Oxunma sayı: 385

Binə Atçılıq Mərkəzində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ənənəvi atçılıq yarışları təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, yarışlarda dövlət və ictimaiyyət nümayəndələri, atçılıq üzrə mütəxəssislər, atsevərlər və çoxsaylı tamaşaçılar iştirak edib.

Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş yorğa atları arasında keçirilən mübarizədə Respublikanın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 80-ə yaxın yorğa atı 12 müxtəlif məsafə üzrə öz gücünü və sürətini nümayiş etdirib.

Tədbir çərçivəsində xalqımızın qədim atçılıq ənənələrinin mühüm tərkib hissəsi olan cıdır yarışları da keçirilib.

Milli sərvətimiz hesab olunan Qarabağ və Dilbaz atları arasında təşkil edilən cıdır yarışları zamanı Azərbaycanın qədim atçılıq mədəniyyətinin canlı nümunəsi olan bu atların nümayiş etdirdiyi çeviklik, sürət və zəriflik yarışlara xüsusi rəng qatıb.

Milli atçılıq ənənələrinin yaşadılması, Azərbaycan atçılıq məktəbinin inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verən Atçılıq Federasiyasının təşkil etdiyi yarışlar böyük maraq və vətənpərvərlik ruhunda başa çatıb.

Tədbirin yekununda yarışların cari mövsümün ilk yarışları olduğu bildirilib, il ərzində müxtəlif məsafələr və kateqoriyalar üzrə daha bir neçə yarışın keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Sonda qaliblərə ARAF-ın diplom, pul mükafatı və kubok təqdim olunub.

Qaliblərə mükafatı Azərbaycan Atçılıq Federasiyasının baş katibi Samir Abasquliyev təqdim edib.

Azərbaycan Atçılıq Federasiyasının at yarışları üzrə departament müdiri Elnarə Musayeva yarış barədə fikirlərini bildirib: “Bu gün biz atçılıq mərkəzində toplaşmışıq. Burada Ulu Öndərimiz Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş yarış keçirilir. Həmən bu yarış həm yorğa atların yarışıdır, həm də cıdır yarışlarıdır. Öncə yorğa atların yarışı olacaq, ondan sonra cıdıra keçəcəyik. Azərbaycanın bütün bölgələrindən 80-ə yaxın yorğa atlar yarışa qatılıb və ümumilikdə 12 məsafə üzrə yarışacaqlar. Ondan sonra isə biz artıq “Qarabağlar” və “Dilbazlar” atları arasında cıdır yarışlarına keçəcəyik. Orada da ümumilikdə 4 yarış keçiriləcək. Siz də gördüyünüz kimi, yarışa çox böyük maraq var və ümumilikdə atçılıq idmanı bizim ölkəmizdə inkişaf edir. Çox böyük maraq var bu idmana və get-gedə də artır. Gördüyünüz kimi, bütün bölgələrdə inkişaf edir və biz bu istiqamətdə böyük addımlar atırıq.

Federasiya rəsmisi iyunda ayında Azərbaycanda keçiriləcək  çövkən üzrə dünya çempionatından da danışıb: “Çövkən bizim milli oyunumuzdur və iyun ayında bu növ üzrə Azərbaycanda dünya çempionatı keçiriləcək. Artıq hazırlığa başlanılıb və bu istiqamətdə böyük addımlarla irəliləyirik. Hazırda yığma komandanın formalaşması üzərində iş gedir. Ən güclü idmançılarımız toplaşıb və baş məşqçi rəhbərliyi altında məşqlər davam etdirilir. Ümidvarıq ki, çox gözəl bir tədbir keçiriləcək”.

Azərbaycan Atçılıq Federasiyasının yorğa atların yarışlarının təşkilatçısı Elman Allahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, yarışlara rəsmi olaraq 2019-cu ildən Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə başlanılıb: “Bu gün də Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş yarış keçiririk. Ümumilikdə respublikanın bütün bölgələrindən 80-ə yaxın at iştirak edir. Yarışlar 12 məsafə üzrə keçiriləcək.

Əvvəllər 20-30 at iştirak edirdisə, indi artıq 80-ə yaxın at olur. Yəni yarışlara çox böyük maraq var, atçılığa maraq gündən-günə artır”.

FOTO: Xəyal Vəlizadə