Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun ətrafındakı qalmaqallar yeni mərhələyə qədəm qoyub.
“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, fəallar keçmiş şahzadənin Sandrinqem malikanəsindəki evinin qarşısında genişmiqyaslı etiraz aksiyası keçiriblər.
“Norfolk/Suffolk Saboteurs” hərəkatı tərəfindən təşkil edilən aksiyada iştirakçılar III Çarlz və Kraliça Kamillanın maskalarını taxaraq krallıq ailəsinə öz etirazlarını bildiriblər.
Qeyd edək ki, sözügedəm etirazlar Endryunun 66-cı ad günündə (19 fevral) Norfolkda saxlanılmasından dərhal sonraya təsadüf edir. Hüquq-mühafizə orqanları onu vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilərək 12 saat dindirdikdən sonra sərbəst buraxıblar. İstintaqın diqqət mərkəzində Endryunun Böyük Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə Ceffri Epşteynə məxfi dövlət sənədlərini ötürməsi ilə bağlı sızan yeni elektron məktublar və sənədlər dayanır.
Xatırladaq ki, hadisə fonunda Birləşmiş Krallıq hökuməti Endryunun taxt-tac varisliyi siyahısından (hazırda 8-ci yerdədir) tamamilə çıxarılması üçün xüsusi qanun layihəsini nəzərdən keçirməyə başlayıb. Kral III Çarlz isə məsələ ilə bağlı qısa bəyanat yayaraq polis araşdırmasına tam dəstək veriləcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər