Qazaxıstanda hərbçilərin öldüyü təlimlərlə bağlı pozuntular aşkarlanıb

qazaxistanda-herbcilerin-olduyu-telimlerle-bagli-pozuntular-askarlanib
Oxunma sayı: 574

Qazaxıstan Müdafiə Nazirliyində işlərin kompleks yoxlanılması üzrə komissiya Xəzər dənizində 14 hərbçinin həlak olması ilə nəticələnən təlimlərin planlaşdırılmasında çatışmazlıqlar və pozuntular müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

“İstintaqın ilkin nəticələri hərbi tədbirlərin planlaşdırılmasında ciddi səhvlərin olduğunu və əvvəlki rəhbərlik tərəfindən lazımi nəzarətin olmadığını göstərir. Dövlət başçısı kadrlarla bağlı ilk qərarların qəbul edildiyini vurğulayıb, bununla yanaşı hərbi qulluqçuların ölümündə günahkar olan bütün vəzifəli şəxslər qanunla müəyyən edilmiş məsuliyyət daşımalı olduğunu bildirib”, - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin komissiyanın üzvləri ilə keçirdiyi müşavirənin yekunlarına dair məlumatda deyilir. 

Bildirilir ki, yoxlamanın birinci mərhələsinin yekunlarına əsasən, Müdafiə Nazirliyinin təşkilat və bölmələrinin fəaliyyətində dövlət əmlakının mümkün mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər pozuntu faktları üzrə 13 cinayət işi başladılıb. 

Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizində keçirdiyi təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa 17 hərbçini dənizə aparıb. Hadisə nəticəsində 14 hərbi qulluqçu həlak olub. Faktla bağlı Qazaxıstan Silahlı Qüvvələrinin 5 məsul şəxsi saxlanılıb.